Təbriklər

ƏHLİMAN ƏMİRASLANOV – 75

Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, Milli Məclisin Səhiyyə Komitəsinin sədri, akademik Əhliman Əmiraslanovun 75 yaşı tamam olur. Bu münasibətlə Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri Əhliman müəllimə təbrik ünvanlayıblar:

 

 

Hörmətli Əhliman müəllim!

Sizi – Azərbaycana xidmət duyğusunu hər şeydən üstün tutan nüfuzlu və vətənpərvər millət vəkilini, tibb elminin görkəmli nümayəndəsini, milyonlarla insanın sevgisini qazanan dəyərli  ağsaqqalı şərəfli həyatınızın əlamətdar ildönümü – 75 İllik Yubileyiniz və ölkəmizin ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinizə görə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif olunmağınız münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, həmişə görməyə adət etdiyimiz gülər üz, şux görkəm, ailə səadəti və əmin-amanlıq arzulayırıq!

Siz yüksək intellektiniz və tükənməz enerjinizlə, şərəf və ləyaqətinizlə, gərgin əməyiniz və mənəvi saflığınızla ömür boyu Vətənə, xalqa xidmət edən böyük şəxsiyyətsiniz. Bütün həyatınızı Azərbaycanın inkişafına, xalqımızın fiziki və mənəvi sağlamlığına, gələcək nəsillərin təlim-tərbiyəsinə və elmi-mənəvi yüksəlişinə həsr etmisiniz. Həmişə milli və dövlət maraqlarını üstün tutaraq xalqa və ulu öndər Heydər Əliyevin siyasi kursuna sadiqlik nümayiş etdirmisiniz, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizin tərəqqisinə, iqtisadi yüksəlişinə istiqamətlənmiş uğurlu siyasətinin daim yanında olmusunuz. Sizin rəhbərliyiniz altında Azərbaycan Tibb Universiteti yeni inkişaf mərhələsinə qədəm qoymuş, təhsilin keyfiyyəti dəfələrcə yüksəlmişdir. Zəngin pedaqoji fəaliyyətiniz, onkologiya sahəsində apardığınız çoxşaxəli sanballı elmi-tədqiqat işləriniz və əldə etdiyiniz uğurlu nəticələr Sizə dünya şöhrəti qazandırmışdır. Milli Məclisin Səhiyyə Komitəsinin sədri kimi yüksək peşəkar təcrübəniz və yaradıcı potensialınızla səhiyyəmizin inkişafı və əhaliyə tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi istiqamətində qanunların qəbul edilməsi və təkmilləşdirilməsində  xüsusi əməyiniz vardır.

Fəal millət vəkili və müdrik ağsaqqal kimi ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirakınızla bu gün də gənclərimizin maarifləndirilməsi, eləcə də vətənpərvərlik ruhunda səfərbər olunaraq müzəffər Ali Baş Komandanımızın “dəmir yumruğu” ətrafında daha  sıx birləşməsi naminə gecə-gündüz çalışırsınız. Tutduğunuz vəzifələrdəki uğurlu fəaliyyətinizə və ölkəmizin ictimai-siyasi həyatında fəal iştirakınıza görə bir çox medallarla, “Şöhrət”, “Şərəf” və 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri kimi ali dövləti mükafatlarla təltif edilmisiniz. Lakin əminliklə deyə bilərik ki, ən böyük mükafatınız dövlətimizin və xalqımızın Sizə – öz dəyərli ağsaqqalına, yüksək fəaliyyət əzmi ilə insanlara örnək ola biləcək ictimai-siyasi xadiminə, şəfqətli həkiminə olan sonsuz sevgisidir.

Hörmətli Əhliman müəllim!

Bir daha Sizi bu xoş gününüz – şanlı Yubileyiniz 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif olunmağınız münasibətilə ürəkdən təbrik edir, Sizə hər zaman sevinc dolu günlər, daim yüksək əhval-ruhiyyə, tükənməz güc, gənclik enerjisi və ali məqsədlərinizin reallaşdırılması yolunda gördüyünüz bütün işlərdə uğurlar diləyirik!

 

 

Dərin hörmət və səmimiyyətlə,

Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin

üzvləri adından Şuranın sədri, millət vəkili, professor                    Eldar QULİYEV

 

 

17 noyabr 2022-ci il

 

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.