Əmiraslanov Əhliman Tapdıq oğlu 1947-ci il noyabrın 17-də Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Zod kəndində ziyalı ailəsində anadan olub, 1971-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirib.
SSRİ Tibb Elmləri Akademiyasının (TEA) Ümumittifaq Onkoloji Elmi Mərkəzində (ÜOEM) namizədlik (1977) və doktorluq (1984) dissertasiyalarını müdafiə edib, professor elmi adına (1989) layiq görülüb. Polşa Tibb Elmləri Akademiyasının (1998), Rusiya Tibb Elmləri Akademiyasının və Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (2001) seçilib.
Əhliman Əmiraslanov Bakı şəhər Kliniki Onkologiya xəstəxanasının cərrahlıq şöbəsinin müdiri vəzifəsində (1971-1974), həmçinin Moskvada TEA-nın ÜOEM nəzdindəki Ümumi Onkologiya şöbəsində müxtəlif vəzifələrdə (1977-1992) çalışıb. Respublikamızdan gələn dəvət ilə Bakıya qayıdaraq Azərbaycan Tibb Universitetinin rektoru (1992-2015) vəzifəsini uğurla həyata keçirib. O, hal-hazırda ATU-nun onkologiya kafedrasının müdiri (1992), AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsində akademik-katib (2007), Milli Məclisin Səhiyyə komitəsinin sədri (2015, 2020) vəzifələrini yerinə yetirir. Həmçinin akademik Əhliman Əmiraslanov Respublika Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, sədrin birinci müavinidir və o, müdrik bir ağsaqqal kimi Şuranın fəaliyyətində yaxından iştirak etməklə xalqımıza dəyərli xidmətlər göstərir, cəmiyyətimizin inkişafında, gənclərin Vətənə məhəbbət, milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsində və maariflənməsində üzərinizə düşən vəzifələri böyük ruh yüksəkliyi ilə yüksək səviyyədə həyata keçirir.
Əhliman Əmiraslanov cərrah-onkoloq kimi dünya şöhrəti qazanmış görkəmli alimdir. Onun əsas elmi istiqamətini dayaq-hərəkət aparatı orqanlarının bədxassəli şişlərinin diaqnostikası, profilaktikası və kompleks müalicə üsullarının işlənib hazırlanması, yumşaq toxumalar və bəzi daxili orqanların bədxassəli şişlərinin öyrənilməsi, onların kompleks müalicə və profilaktika metodlarının səhiyyə praktikasına tətbiqi təşkil edir. O, “Dayaq-hərəkət aparatı şişləri olan xəstələrin reabilitasiyası və müalicəsi” üzrə Ümumittifaq məktəbinə rəhbərlik edib. Dəfələrlə ABŞ-ın nüfuzlu tibb mərkəzlərinin dəvəti ilə onkologiya klinikalarında elmi mühazirələr oxuyub, əməliyyatlarda iştirak edib. Akademik həm Moskvada fəaliyyət göstərdiyi vaxtlar SSRİ TEA-nın Ümumittifaq Onkoloji Elmi Mərkəzində, həm də hazırda Bakıda ATU-nun Onkoloji Klinikasında səmərəli praktiki işlər apararaq hər gün çoxlu sayda xəstə qəbul edir, məsləhətlər verir və bilavasitə özü mürəkkəb cərrahi əməliyyatları yerinə yetirir.
Əhliman Əmiraslanov 500-ə yaxın elmi əsərin, o cümlədən xaricdə çap olunmuş elmi əsərlərin, 18 monoqrafiyanın, 28 dərslik və dərs vəsaitinin, 16 ixtira və səmərələşdirici təklifin müəllifidir. ABŞ, Kanada, İngiltərə, Türkiyə, İtaliya, Fransa, Yaponiya, Çin və MDB ölkələrində keçirilən elmi forumlarda məruzələr edərək, diskussiyalarda iştirak etmişdir. Akademik elmi-pedaqoji kadrların hazırlanması məsələsinə xüsusi diqqət yetirir və bu sahədə də məhsuldar çalışaraq öz yetişdirmələrinə tələbkarlığı bir an belə azaltmadan, onlara böyük qayğı, yüksək həssaslıqla yanaşır. Əhliman Əmiraslanov məktəbinin yetişdirmələri nəinki Azərbaycanın, eləcə də keçmiş SSR-nin müxtəlif klinikalarında çalışaraq onun yolunu davam etdirirlər. Alimin elmi məsləhətçiliyi və rəhbərliyi ilə 10 elmlər doktoru, 38 elmlər namizədi yetişdirilib.
Onun şəxsi fədakarlığı və beynəlxalq əlaqələr prosesində həyata keçirdiyi aktiv fəaliyyəti nəticəsində 1996-cı ildə keçmiş SSRİ-nin bir çox respublikalarının, o cümlədən Qafqaz regionunun ali tibb məktəbləri sırasında yalnız Azərbaycan Tibb Universiteti Amerika və Avropa Təhsil Birliyinin Beynəlxalq reyestrinə, 1998-ci ildə isə Qara dəniz hövzəsiətrafı ölkələrin Ali Məktəblər Birliyinə daxil edilib, 2000-ci ildə Beynəlxalq Ali Məktəblər Assosiasiyasının, 2002-ci ildə Avropa Universitetlər Assosiasiyasının tamhüquqlu üzvü seçilib ki, bu da ATU-nun və bütövlükdə Azərbaycan tibb təhsili sisteminin beynəlxalq miqyasda geniş nüfuz qazanmasına, həmçinin diplomların qarşılıqlı tanınmasına əhəmiyyətli dərəcədə zəmin yaradan mühüm amilə çevrilib.
Əhliman Əmiraslanov 1980-1994-cü illərdə Avropa ölkələri Onkoloqlar Assosiasiyası və Cəmiyyətlərinin, Amerika Kliniki Onkoloqlar Cəmiyyətinin üzvü seçilib. O, Azərbaycan SSR Ali Sovetinin deputatı (1990), UNESCO-nun Bioetika Komitəsi Rəyasət Heyətinin üzvü və UNESCO-nun eksperti (2006), Türkiyənin Qazi Universitetinin fəxri doktoru, Azərbaycan Respublikası Milli Məclisinin deputatı (2010, 2015, 2020) seçilib. Türkdilli Ölkələrin Parlament Assambleyasının Parlamentlərarası Komissiyasının (TürkPA-nın) sədridir. AR Prezidenti yanında Elmin İnkişafı Fondunun himayədarları Şurasının, AR Dövlət Mükafatlarının verilməsi üzrə Komissiyanın, Respublika “Bilik” Fondunun himayədarları Şurasının üzvüdür (2014).
Əhliman Əmiraslanov SSRİ TEA-nın “Akademik N.N.Petrov” mükafatına (1985), SSRİ Dövlət mükafatına (1986), “Əməkdar Elm xadimi” fəxri adına (1991), Amerika Bioqrafiya İnstitutunun “Qızıl Heykəl” mükafatına (1997), Polşa TEA-nın “Albert Şveytzer” mükafatına və Böyük qızıl medalına (1998), “Şöhrət” ordeninə (2000), “Akademik Yusif Məmmədəliyev” mükafatına, “Akademik M.Topçubaşovun Məruzələri” Fəxri diplomu və qızıl medalına, Rusiya TEA-nın “Akademik N.N.Bloxin” adına qızıl medalına (2007), Rusiyanın “XXI yüzilliyin liderləri” proqramı çərçivəsində “Millətin intellekti” beynəlxalq təltifinə (2009), “Şərəf” ordeninə (2017) və bir çox digər Fəxri fərman və medallara layiq görülüb.
Evlidir, iki oğlu var.