Xəbərlər, Təbriklər

ƏHLİMAN ƏMİRASLANOV – 78

Noyabr ayının 17-də Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, Milli Məclisin Səhiyyə Komitəsinin sədri, akademik, görkəmli alim və müdrik ağsaqqal Əhliman Əmiraslanovun 78 yaşı tamam olur.

Ömrünün hər anını xalqına, Vətəninə və elmin inkişafına həsr etmiş Əhliman Əmiraslanovun həyat yolu fədakarlıq, vicdan və mənəvi zənginlik salnaməsidir. Onun çoxşaxəli fəaliyyəti müstəqil Azərbaycanın elm, səhiyyə və ictimai-siyasi həyatında silinməz izlər qoymuş, minlərlə tələbə və gənc alim üçün bir örnəyə çevrilmişdir. Əhliman müəllim elmə, təhsilə, insanlığa, Vətənə və dövlətçiliyə xidmət anlayışının canlı təcəssümüdür.

Akademik Əhliman Əmiraslanov yalnız Azərbaycan miqyasında deyil, dünya elmi ictimaiyyətində də nüfuzu ilə seçilən görkəmli tibb xadimidir. Alim, cərrah-onkoloq, tibb elmləri doktoru, professor, akademik, AMEA-nın Biologiya və tibb elmləri bölməsinin akademik-katibi, eləcə də SSRİ Dövlət Mükafatına, Azərbaycan Respublikasının “Şöhrət”, “Şərəf” və I dərəcəli “Vətənə xidmətə görə” ordenlərinə layiq görülmüş Əməkdar elm xadimi Əhliman Əmiraslanovun adı elmin, fədakarlığın və vətəndaşlıq ləyaqətinin simvoluna çevrilib. Azərbaycan Tibb Universitetinin 1992–2015-ci illərdəki uğurlu inkişaf tarixi, səhiyyə qanunvericiliyinin müasirləşməsi, tibb təhsilinin beynəlxalq aləmdə nüfuz qazanması onun rəhbərliyi və uzaqgörən elmi-ictimai fəaliyyəti ilə bilavasitə bağlıdır.

Əhliman Əmiraslanov, eyni zamanda, dövlətçilik ənənələrinə sədaqət və Vətənə sevgi ruhunda xalqımıza daim xidmət göstərmişdir. Milli Məclisin Səhiyyə Komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının üzvü, Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, eləcə də Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının sədri  kimi bu gün də cəmiyyətimizdə aktiv fəaliyyəti, müdrik məsləhətləri, təmkinli və prinsipial mövqeyi ilə böyük nüfuz qazanmışdır.

Ulu Öndər Heydər Əliyevin siyasi kursuna hər zaman sadiq olan görkəmli ictimai-siyasi xadim Əhliman Əmiraslanov hazırda dövlətimizin başçısı, möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin dəstəklənməsi, xalq arasında bu siyasətin mahiyyətinin aydın izahı, milli həmrəyliyin və mənəvi dəyərlərin təbliği istiqamətində yorulmadan fəaliyyət göstərir.

Əhliman müəllimin yüksək xidmətləri və dəyərli şəxsiyyəti Azərbaycan Ağsaqqallar Şurası üçün qürur mənbəyidir. Təcrübəsi, zəkası, insansevərliyi və xeyirxahlığı ilə el ağsaqqalı kimi hər zaman həmkarlarının, gənclərin, bütövlükdə cəmiyyətin yanında olan Əhliman Əmiraslanovun müdrik sözləri, düşünülmüş məsləhətləri, xalqımıza, onun sabahına olan sevgisi və inamı müasir Azərbaycan üçün nümunə məktəbidir.

Bu xoş fürsətdən istifadə edərək bugünkü əlamətdar tarixdə Əhliman Əmiraslanovu – ömrünün kamillik zirvəsində olan müdrik ağsaqqalımızı, dəyərli ziyalımızı, vətənpərvər ictimai-siyasi xadimi və gözəl insanı Azərbaycanın tərəqqisinə həsr olunmuş şərəfli ömrünün 78-ci ildönümü münasibətilə səmimi-qəlbdən təbrik edir, ona uca Allahdan uzun ömür, möhkəm cansağlığı, yeni-yeni uğurlar, sevinc dolu günlər və əmin-amanlıq arzulayırıq!

 

Dərin hörmətlə,

Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin

 üzvləri adından Şuranın sədri, 

 millət vəkili, professor Eldar QULİYEV

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.