İyun ayının 21-də Masallı Rayon Ağsaqqallar Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvü, dəyərli ziyalı, müdrik ağsaqqal Ələşrəf Niftiyevin 80 yaşı tamam olur.
Ələşrəf Niftiyevin şərəfli ömür yolu Azərbaycan ağsaqqalına və ziyalısına, dövlət və cəmiyyət qarşısında yüksək mənəvi məsuliyyət hissi daşıyan şəxsiyyətə xas olan zəngin və səmərəli fəaliyyətdən ibarətdir. Uzun illər dövlət quruculuğu prosesində, milli ideyaların təbliğində, elm və maarifin inkişafında, xüsusilə də gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsində mühüm xidmətlər göstərmişdir. Ömrünü xalqımıza, millətimizə, onun mənəvi-mədəni yüksəlişinə və maariflənməsinə həsr etmiş müdrik bir ağsaqqal və ziyalı kimi Ələşrəf müəllim bu gün də həm Masallıda, həm də ölkə miqyasında böyük ehtiram və nüfuz sahibidir. Müəllimlikdən başlayaraq yüksək dövlət vəzifələrinə qədər uzanan şərəfli yolu, yazıçı-publisist kimi fəaliyyəti, eləcə də ictimai-siyasi sferada göstərdiyi prinsipial mövqeyi və dərin düşüncəsi minlərlə insanın yaddaşında silinməz izlər buraxmışdır. Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvü olaraq istedadlı yazıçı-publisist kimi yüksək məharətlə qələmə aldığı onlarla kitab və məqalələrində milli-mənəvi dəyərlərimizin qorunması və yaşadılması, gənc nəslə vətənpərvərlik hissinin təbliğ edilməsi, cəmiyyətimizdəki nümunəvi şəxsiyyətlərin yolunun işıqlandırılması və digər mövzular hər zaman ön planda olmuşdur.
Ələşrəf Niftiyev müdrik ağsaqqala xas olan alicənablıq, təvazökarlıq və məsuliyyət hissini ömrü boyu daşıyaraq, nəcib əməlləri ilə gənc nəsillərə hər zaman örnək olmuşdur. Masallı ictimaiyyətinin həyatında tutduğu yer, xüsusilə Rayon Ağsaqqallar Şurasının sədri kimi göstərdiyi fəaliyyət, insanların rifahı və həmrəyliyi naminə apardığı işlər bu gün də hər kəs tərəfindən dərin minnətdarlıqla qarşılanır. Ələşrəf müəllimin uzunmüddətli səmərəli fəaliyyəti həmişə yüksək dəyərləndirilmiş və o, III dərəcəli “Vətənə xidmətə görə” ordeninə, “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalına, “Fəxri Ağsaqqal” döş nişanına, “Qızıl qələm” və Həsən bəy Zərdabi adına mükafatlara və bir sıra digər təltiflərə layiq görülmüşdür.
Bu xoş fürsətdən istifadə edərək Ələşrəf Niftiyevi – şərəf və vicdanla yaşadığı ömrünün kamillik zirvəsində olan müdrik ağsaqqalımızı, vətənpərvər ziyalımızı, gözəl insanı 80 İllik Yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edir, uca Allahdan ona uzun ömür, möhkəm cansağlığı, ailə səadəti, Vətənimizin tərəqqisi naminə ictimai-siyasi, mədəni və yaradıcılıq fəaliyyətində uğurlar arzulayırıq!
Dərin hörmətlə,
Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin
üzvləri adından Şuranın sədri, millət vəkili,
professor Eldar QULİYEV