İyul ayının 23-də Qaradağ Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib.
Konfransda Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini, millət vəkili, professor Eldar İbrahimov, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli və mətbuat katibi Rafiq Rzayev, Qaradağ Rayon Ağsaqqallar Şurasının sədri Ramin Məmmədov, habelə Rayon İcra Hakimiyyətinin aparat işçiləri, ağsaqqallar, ziyalılar, Qərbi Azərbaycan İcmasının və digər ictimai təşkilatların nümayəndələri iştirak ediblər.
Tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin və hesabat dövrü ərzində dünyasını dəyişən ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov konfransı giriş sözü ilə açaraq Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini, millət vəkili, professor Eldar İbrahimovu və digər tədbir iştirakçılarını salamlayıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətdən, ölkəmizin bütün sahələrdə davam edən hərtərəfli inkişafından bəhs edib. Azərbaycanın ictimai-siyasi həyatında ağsaqqalların daşıdığı əhəmiyyətli roldan və onların nüfuzundan söhbət açaraq bildirib ki, milli-mənəvi dəyərlərimizin qorunmasında və təbliğində, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsində respublika ağsaqqallarının əməyi danılmazdır.
Sonra Qaradağ Rayon Ağsaqqallar Şurasının sədri Ramin Məmmədov təşkilatın son dövrdəki fəaliyyəti və gələcəkdə görüləcək işlər barədə məlumat verərək, keçirilən tədbirlərdən və görüşlərdən söz açıb. Vurğulayıb ki, fəaliyyət dövründə xüsusilə yeniyetmə və gənclərin Vətənə, xalqa, dövlətə məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə edilməsində rayon ağsaqqallarının üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsi, əxlaqi normaların və sağlam həyat tərzinin təbliğinin geniş şəkildə həyata keçirilməsi diqqət mərkəzində olub. Gənclərlə yanaşı, şəhid ailələri və qazilərlə keçirilən görüşlərdən də söz açan natiq bildirib ki, Qaradağ Rayon Ağsaqqallar Şurasının üzvləri bundan sonra öz fəaliyyətlərini daha yüksək əzmkarlıqla davam etdirməyə çalışacaqlar.
Konfransda çıxış edən Rayon Ağsaqqallar Şurasının sədr müavini Namizəd Məmmədov, Qərbi Azərbaycan İcmasının Qaradağ rayonu üzrə sədr müavini Kərim Cəfərli, eləcə də Qaradağ Rayon Ağsaqqallar Şurasının Sahil və Ələt qəsəbələri üzrə nümayəndləri və digər natiqlər hesabat dövrü ərzində həyata keçirilən işlərdən danışıblar, bəzi problemlərə toxunublar, öz fikirlərini və təkliflərini bildiriblər.
Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini, millət vəkili, professor Eldar İbrahimov öz çıxışında Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və İdarə Heyətinin üzvlərinin salamlarını konfrans iştirakçılarına çatdıraraq, növbəti dəfə Qaradağ rayonunda ağsaqqallarla görüşməyindən məmnun olduğunu bildirib. Sonra natiq Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə davam edən inkişaf prosesindən danışıb. Vurğulayıb ki, Ümummilli Liderimizin arzuladığı daha qüdrətli Azərbaycanı qurmaq naminə möhtərəm Prezidentimizin həyata keçirdiyi strateji tərəqqi xətti ölkəmizi dünyanın ən dinamik inkişaf edən dövlətlərindən birinə və Cənubi Qafqazın liderinə çevirib. Xüsusilə Qarabağda və Şərqi Zəngəzurda gedən genişmiqyaslı quruculuq işlərindən, keçirilən beynəxalq səviyyəli tədbirlərdən bəhs edən Eldar İbrahimov gündən-günə gözəlləşən işğaldan azad edilmiş torpaqlarımızda insanların məskunlaşmasından, həyatın öz axarına dönməsindən söz açıb. Daha sonra natiq Qaradağ Rayon Ağsaqqallar Şurasının fəaliyyətindən danışaraq ağsaqqallara daha fəal olmağı tövsiyə edərək, bu gün artmaqda olan boşanma hallarının, narkomaniya və digər zərərli vərdişlərə aludəçiliyin qarşısını almaq üçün gənclərlə maarifləndirmə işlərini artırmağı və cəmiyyətimizdəki digər çatışmazlıqlara qarşı təsirli tədbirlər, görüşlər həyata keçirməyi vacib hesab edib. Bildirib ki, Rayon Ağsaqqallar Şurası daha yaxşı fəaliyyət göstərmək üçün İdarə Heyətinə aktiv insanları, eləcə də ictimai fəal qadınları cəlb etməli, İcra Hakimiyyəti, həmçinin YAP-ın və Qərbi Azərbaycan İcmasının yerli təşkilatları ilə birgə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərməyə üstünlük verməlidir. Eldar İbrahimov digər irad və təkliflərini də qeyd edərək, ağsaqqalların əsas missiyasının milli-mənəvi dəyərlərimizi qoruyaraq, yaşadaraq gələcək nəslə ötürmək olduğunu bildirib və rayon ağsaqqallarını bir daha daha aktiv olmağa çağırıb.
Konfransın sonunda Qaradağ Rayon Ağsaqqallar Şurasının sədri Ramin Məmmədov əmin edib ki, tədbirdə səslənən irad və təklifləri nəzərə alaraq gələcəkdə öz fəaliyyətlərini daha səmərəli şəkildə həyata keçirəcəklər.