Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasının 8 Noyabr – Zəfər Gününün beşinci ildönümü münasibətilə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə təbrik məktubu

Möhtərəm cənab Prezident!

Müzəffər Ali Baş Komandan!

Sizi və Sizin şəxsinizdə bütün Azərbaycan xalqını 8 Noyabr – Zəfər Günü, 44 günlük Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbənin beşinci ildönümü münasibətilə Azərbaycan Ağsaqqallar Şurasının çoxsaylı üzvləri adından səmimi-qəlbdən təbrik edir, Sizə dərin ehtiram və minnətdarlığımızı bildiririk!

Bu müqəddəs gün Azərbaycan xalqının azadlıq iradəsinin, milli birliyinin, dövlətçiliyimizin və müstəqilliyimizin təntənəsidir. 8 Noyabr – Zəfər Günü xalqımızın yüzillik arzularını gerçəkləşdirən, tariximizin ən parlaq səhifələrindən birinə çevrilən gündür. Məhz Sizin müdrik və qətiyyətli rəhbərliyiniz, Müzəffər Ali Baş Komandan kimi göstərdiyiniz iradə, strateji zəka və sarsılmaz milli ruh sayəsində qəhrəman Azərbaycan Ordusu 30 illik erməni işğalına son qoyaraq torpaqlarımızı azad etdi, dövlətimizi öz suverenliyinə qovuşdurdu.

Sizin rəhbərliyinizlə Azərbaycan haqqın və tarixi ədalətin bərpasına nail oldu. Siz müasir dövrün ən parlaq sərkərdələrindən biri kimi müharibə meydanında hərb sənətinin, diplomatik arenada isə siyasi müdrikliyin, milli iradənin təcəssümünə çevrildiniz. 44 günlük Vətən müharibəsində qazandığımız bu Zəfər həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə Azərbaycan dövlətinin qüdrətini, liderlə xalqın sarsılmaz birliyinin gücünü bütün dünyaya nümayiş etdirdi.

Möhtərəm cənab Prezident!

Bu gün Sizin uzaqgörən rəhbərliyinizlə azad edilmiş Qarabağ və Şərqi Zəngəzur torpaqlarında yeni həyat, yeni inkişaf mərhələsi başlayıb. Düşmənlərimiz tərəfindən dağıdılmış şəhər və kəndlərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, doğma yurdlarından didərgin düşmüş insanlarımız Böyük Qayıdış proqramı çərçivəsində öz torpaqlarına qayıdırlar. Azad edilmiş torpaqlarda ucalan hər bina, çəkilən hər yol, salınan hər yeni yaşayış məntəqəsi Sizin rəhbərliyinizlə həyata keçirilən məqsədyönlü siyasətin real təcəssümüdür.

Xalqımız bu gün fəxrlə və qürurla bildirir ki, onun başında güclü, ədalətli, milli maraqları hər şeydən uca tutan Müzəffər Ali Baş Komandan – cənab İlham Əliyev dayanır! Sizin rəhbərliyinizlə əldə edilən tarixi Qələbə və bugünkü nəhəng quruculuq prosesləri gələcək nəsillərə misilsiz qəhrəmanlıq, birlik və dövlətçilik dərsi verir. Azərbaycan Ağsaqqallar Şurasının 35 mindən çox üzvü daim Sizin ətrafınızda sıx birləşərək dövlətimizin rifahı, milli həmrəyliyin möhkəmlənməsi, xalqımızın firavan gələcəyi naminə həyata keçirdiyiniz siyasəti ürəkdən dəstəkləyir və bu yolda Sizinlə birgə addımlamaqdan qürur duyur.

Möhtərəm cənab Prezident!

Haqqı, ədaləti bərpa edərək əzəli və əbədi torpaqlarımızı 30 illik erməni işğalından azad etdiyinizə, Azərbaycan xalqına böyük Zəfər sevinci və qalibiyyət qüruru bəxş etdiyinizə görə Sizə – Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanına və şanlı tarix yazan rəşadətli Ordumuza dərin minnətdarlığımızı bildiririk! Şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyirik! Biz fəxr edirik ki, Zəfər Gününün beşinci ildönümündə və 9 Noyabr – Bayraq Günü ərəfəsində üçrəngli müqəddəs bayrağımız bütün Azərbaycanda, Qarabağda, Şuşada, Xankəndidə, Laçında, Zəngilanda, Kəlbəcərdə və işğaldan azad edilmiş hər qarış torpağımızda qürurla dalğalanır. Bu əlamətdar gündə bir daha Sizi və Sizin timsalınızda bütün xalqımızı, Azərbaycanın inkişafı və dövlət mənafeyimizin qorunması istiqamətində yorulmaz fəaliyyət göstərən Birinci vitse-prezident Mehriban xanım Əliyevanı 8 Noyabr – Zəfər Gününün beşinci ildönümü və 9 Noyabr – Bayraq Günü münasibətilə ürəkdən təbrik edirik!

Allah Sizi, ailənizi və bütün Azərbaycan xalqını qorusun!

Yaşasın qalib Azərbaycan! Yaşasın Müzəffər Ali Baş Komandan! Yaşasın şanlı Azərbaycan Ordusu!

 

Dərin hörmətlə,

Azərbaycan Ağsaqqallar Şurasının

çoxsaylı üzvləri adından

Şuranın sədri, Milli Məclisin deputatı,

professor Eldar Quliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.