Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasının 17 Noyabr – Milli Dirçəliş Günü münasibətilə təbriki

Hörmətli həmvətənlər!

Xalqımızın milli şüurunun oyanışında, istiqlal iradəsinin sarsılmazlığında, dövlətçilik düşüncəsinin daha da güclənməsində mühüm tarixi hadisə olan 17 Noyabr – Milli Dirçəliş Günü münasibətilə Sizi səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, firavanlıq və uğurlar arzulayırıq!

Bu əlamətdar gün xalqımızın azadlıq, ədalət və suverenlik uğrunda bir yumruq kimi birləşməsinin rəmzidir. 1988-ci ilin unudulmaz günlərində Azərbaycan xalqı öz qətiyyətini bütün dünyaya nümayiş etdirərək, gələcək müstəqilliyimizin ideya təməllərini qoydu. Müstəqillik uğrunda xalqımız bir çox çətinliklərlə qarşılaşsa da, Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi, strateji düşüncəsi və müdrikliyi nəticəsində bu çağırış milli məfkurəyə çevrildi, dövlətçilik yolumuz daha da aydınlaşdı. Ümummilli Liderimizin Azərbaycana qayıdışından sonra ölkəmizin taleyində dönüş yaradan mühüm tarixi qərarlar qəbul edildi, üçrəngli bayrağımız yenidən milli qürur mənbəyimizə çevrildi, istiqlal arzularımız reallaşmağa başladı. Müstəqilliyimizin möhkəmlənməsi, dövlətimizin formalaşması və yaşadılması dirçəliş arzusunun parlaq nəticəsi oldu.

Bu gün Azərbaycan öz müstəqillik tarixinin ən gözəl dövrlərindən birini yaşayır. Ümummilli Lider Heydər Əliyev yolunun ardıcıl davamçısı, möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın 30 ildən artıq davam edən həsrətinə son qoyuldu, torpaqlarımız işğaldan azad edildi, ədalət bərpa olundu. Hazırda Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, həyat yenidən canlanır, doğma el-obasına qayıdan soydaşlarımızın sevinc dolu addımları tarixi Zəfərimizin davamlılığını təsdiqləyir. Bu gün Milli Dirçəliş Günü yalnız siyasi oyanışımızın deyil, həm də torpaqlarımıza qayıdan həyatın, bərpa olunan yurdlarımızın, yenidən qurulan dövlətçilik qüdrətimizin bayramına çevrilib.

Əziz həmvətənlər!

Milli Dirçəliş Günü bizi birliyimizi daha da gücləndirməyə, dövlətçiliyimizi qorumağa, milli dəyərlərimizə sahib çıxmağa səsləyən bir gündür. Belə bir xoş gündə Azərbaycan ağsaqqalları olaraq bizim ən böyük arzumuz odur ki, xalqımızın birliyi əbədi, müstəqilliyimiz sarsılmaz, ölkəmizin gələcəyi daha parlaq olsun.

Bu əlamətdar gün münasibətilə bir daha Sizi ən səmimi arzularımızla ürəkdən təbrik edir, Vətənimizə daim əmin-amanlıq diləyirik! Qoy üçrəngli bayrağımız hər zaman ucalarda dalğalansın, Azərbaycanımız daha böyük uğurlara imza atsın!

 

Hörmətlə,

Azərbaycan Ağsaqqallar Şurasının çoxsaylı üzvləri adından

Şuranın sədri, millət vəkili, professor

Eldar Quliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.