Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin Hesablayıcı komissiyasının sədri, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasında (QDİƏT PA) nümayəndə heyətinin rəhbəri, professor Eldar Quliyev və parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev fevralın 15-də Türkiyə Respublikasının İstanbul şəhərinə səfər ediblər.
Səfər çərçivəsində deputatlar QDİƏT PA-nın Büdcə-Audit komissiyasının iclasında iştirak ediblər. Fevralın 16-da İstanbulda QDİƏT-in Beynəlxalq Katibliyində keçirilən iclasda komissiya üzvləri tərəfindən 2025-ci maliyyə ili üçün təşkilatın büdcəsinin icrası müzakirə olunub və Audit Hesabatı qəbul edilib. Tədbirdə, həmçinin, qərara alınıb ki, Büdcə və Audit Komissiyası tərəfindən 2025-ci ilin büdcəsinin icrası və təşkilatın beynəlxalq fəaliyyəti nəzərə alınaraq hazırlanan 2027-ci ilin büdcə layihəsi cari ilin iyun ayında Gürcüstanda keçiriləcək QDİƏT PA-nın 67-cı iclası çərçivəsində baxılmaq üçün Daimi Komitəyə təqdim edilsin.
İclasda Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin Hesablayıcı komissiyasının sədri, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri, professor Eldar Quliyev və parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevlə yanaşı, QDİƏT PA-nın baş katibi Asəf Hacıyev və digər ölkələrin təşkilatdakı nümayəndələri, eləcə də Beynəlxalq Katibliyin əməkdaşları da iştirak ediblər.
Səfər fevralın 17-də başa çatıb.