Əziz və dəyərli müəllimlər!
Sizi – müəllim adını ləyaqətlə daşıyan, bu müqəddəs missiyanı şərəf və vicdanla yerinə yetirən hər bir Azərbaycan müəllimini 5 oktyabr – Beynəlxalq Müəllimlər günü münasibətilə ürəkdən təbrik edirik!
Dünyada ən çətin, eyni zamanda ən şərəfli və gözəl peşələrdən birinə sahib olan müəllimin fədakar əməyi sayəsində cəmiyyətimiz formalaşır, ali dəyərlərə malik savadlı, dünyagörüşlü, əxlaqlı, mədəni insanlar yetişir. 44 günlük Vətən müharibəsində öz qəhrəmanlıqları ilə tarix yazan, işğal altındakı torpaqlarımızı canı-qanı bahasına azad edən igid əsgər və zabitlərimizin yetişməsində də müəllim adını hər zaman uca tutan bu zəhmətkeş insanların əməyi danılmazdır. Ümummilli Liderimiz Heydər Əliyev daim müəllim adına və peşəsinə böyük hörmət bəsləmiş, “Mən dünyada müəllimdən yüksək ad tanımıram” deyərək onlara layiq olduqları dəyəri vermişdir. Möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev də öz əmək fəaliyyətinə müəllimliklə başlamış, bu adın aliliyini və ucalığını yaşamışdır.
Azərbaycan Ağsaqqallar Şurasının üzvləri sırasında da minlərlə zəhmətkeş və fədakar müəllimlər vardır. Bu qocaman və müdrik müəllimlərimizin simasında biz gənc, vətənpərvər, peşəsinə vurğun bütün müəllimlərimizi bir daha səmimi-qəlbdən təbrik edir, onların hər birinə bu şərəfli fəaliyyətlərində uğurlar arzulayırıq!
Hörmətlə,
Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin
üzvləri adından Şuranın sədri, millət vəkili, professor Eldar QULİYEV