11-13 oktyabr 2023-cü il tarixində Göyçayda rayon ağsaqqallarının da iştirakıyla Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” mövzusunda üçgünlük regional konfrans keçirilib.
Konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin birinci müavini Səyyad Salahlı, Milli Məclisin deputatı Məzahir Əfəndiyev, Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova, Rayon Ağsaqqallar Şurasının sədri Xəlil Orucov, ağsaqqallar, gənclər və rayon ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər.
Tədbirdə “Müasir çağırışlar birgə yaşayış nümunəsi” adlı sənədli film nümayiş etdirildikdən sonra çıxış edən Səyyad Salahlı bildirib ki, ölkəmizin dinlərarası dialoq və əməkdaşlıq sahəsindəki təcrübəsi beynəlxalq aləmdə yüksək qiymətləndirilir. Eyni zamanda Azərbaycanda dini sahədə hökm sürən əmin-amanlıq, qarşılıqlı anlaşma, dinlərarası və məzhəblərarası vəhdətin mövcud olması bu gün müstəqil respublikamızı gücləndirən amillərdən biridir.
Milli Məclisin deputatı Məzahir Əfəndiyev Ümummilli Liderimiz Heydər Əliyevin əsasını qoyduğu dövlət-din münasibətləri sahəsindəki siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Ölkə başçısının təşəbbüsü və göstərişi ilə hər il dövlət-din münasibətlərinin davamlı olaraq təkmilləşməsi, tolerantlıq və mədəni müxtəliflik ənənələrinin təbliği həm Azərbaycan hökumətinin din siyasətinin mahiyyətini və miqyasını göstərir, həm də dini qurumların fəaliyyətinin hərtərəfli dəstəklənməsi faktını təsdiqləyir.
Göyçay Rayon Ağsaqqallar Şurasının sədri Xəlil Orucov öz çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasətin, o cümlədən ictimai-siyasi həyatdakı sabitliyin, əmin-amanlığın digər sahələrdə olduğu kimi, dini sahədə də özünü göstərdiyini bildirib. Vurğulayıb ki, respublikamızda mövcud dini konfessiyalar arasında hökm sürən tolerant və multikultural münasibətlər xalqımızın təhlükəsiz və rahat həyatının təmin edilməsinin əsasını təşkil edir. Təəssüf ki, nankor qonşumuz Ermənistana bunu şamil etmək mümükün deyil. Erməni vandalları tərəfindən Azərbaycan torpaqlarının 30 il davam edən işğalı nəticəsində bir milyondan çox azərbaycanlının doğma yurd-yuvalarından didərgin salınması, şəhər və kəndlərimizin tamamilə yerlə bir edilməsi ilə bərabər, tarixi və dini məkanlarımız – məscidlər, qəbiristanlıqlar da vəhşicəsinə dağıdılıb. Bu, islamofobiyanın, Azərbaycanofobiyanın, vandalizmin təzahürüdür. Xəlil Orucov, həmçinin, qeyd edib ki, son illər dünya ictimaiyyətinin gözü qarşısında bəzi Qərb ölkələrində vaxtaşırı dəhşətli cinayət – dünya müsəlmanlarının müqəddəs kitabı olan Qurani-Kərimin yandırılması baş verir. Bu cür vəhşilik kim tərəfindən törədilməsindən asılı olmayaraq, prinsipcə qəbuledilməzdir və böyük cinayətdir. O, konfransın aktual bir məsələyə həsr olunduğunu bildirərək əlavə edib ki, Azərbaycan Ağsaqqallar Şurasının və onun yerli təşkilatlarının başlıca məqsədlərindən biri də cəmiyyətimizə, xüsusilə gənclərimizə milli-mənəvi dəyərlərimizin, vətənpərvərlik ruhunun, sağlam həyat tərzinin aşılanması, onların maarifləndirilməsidir. Bu da müasir çağırışlar fonunda bu gün xüsusi əhəmiyyət kəsb edir.
Konfransda çıxış edən digər natiqlər də ölkədə milli-mənəvi dəyərlərimizə, dinimizə hər zaman hörmət və qayğı ilə yanaşıldığını tədbir iştirakçılarının diqqətinə çatdırıblar.
Üçgünlük regional konfrans səmərəli müzakirələrlə yekunlaşıb.





