Türkiyə Respublikasının yaranmasının 100-cü ildönümü münasibətilə oktyabrın 29-da Bakıda, Heydər Əliyev Mərkəzində rəsmi qəbul təşkil edilib.
Rəsmi qəbulda Milli Məclisin sədri Sahibə Qafarova, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, Milli Məclis sədrinin müavinləri və parlamentin deputatları ilə yanaşı, Azərbaycan Ağsaqqallar Şurasının rəhbər şəxsləri – sədrin birinci müavini, millət vəkili, akademik Əhliman Əmiraslanov, sədr müavinləri – professor Elmira Süleymanova, Bayram Yusifov, professor Vahid Novruzov, Şuranın İdarə Heyətinin üzvləri – Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, millət vəkili, akademik Ziyad Səmədzadə, millət vəkili Ağalar Vəliyev, habelə dövlət və hökumət nümayəndələri, xarici ölkələrin Azərbaycandakı səfirləri, ictimaiyyətin təmsilçiləri iştirak ediblər.
Əvvəlcə Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib.
Daha sonra Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın ölkəsinin milli bayramı münasibətilə tədbir iştirakçılarına videomüraciəti dinlənilib.
Türkiyə Cümhuriyyətinin 100 ilik yubileyi münasibətilə təbriklərini çatdıran səfir Cahit Bağçı bildirib ki, məzlumların, haqqı tapdalananların yanında olan Türkiyə ötən müddət ərzində daha da güclənərək beynəlxalq aləmdə sabitliyin və təhlükəsizliyin simvoluna çevrilib. Ölkələrimiz arasındakı dostluqdan və qardaşlıqdan danışan diplomat Türkiyənin 44 günlük Vətən müharibəsində olduğu kimi, azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərində, infrastrukturun qurulmasında da qardaş Azərbaycanın yanında olduğunu qeyd edib. Cahit Bağçı əminliklə vurğulayıb ki, Türkiyənin yeni 100 ili sülh, sabitlik, inkişaf və həmrəylik əsri olacaq.
Qəbulda çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Respublikasının yaranmasının 100 illiyi münasibətilə Azərbaycan Prezidenti cənab İlham Əliyevin səmimi təbriklərini və ən xoş arzularını çatdırıb. O bildirib ki, 100 il əvvəl Qazi Mustafa Kamal Atatürkün rəhbərliyi ilə Qurtuluş savaşının qazanılması və Türkiyə Cümhuriyyətinin qurulması XX əsr dünya tarixinin ən önəmli hadisələrindən biri olub. Siyasətini dünyəvilik, demokratiya və millətçilik kimi təməl prinsiplər əsasında quran Türkiyə son 20 ildə böyük siyasi və dövlət xadimi, Prezident cənab Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə möhtəşəm uğurlara imza atıb. Xalqlarımızın, dövlətlərimizin qardaşlığının və dostluğunun ən böyük sərvətimiz olduğunu vurğulayan Milli Məclisin sədri “Türkiyə yüz ili” konsepsiyasının yeni əsrdə Türkiyəyə daha böyük nailiyyətlər qazandıracağından əminliyini ifadə edib.
Tədbir ziyafət və konsert proqramı ilə davam edib.






