Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağda keçirilən antiterror əməliyyatı nəticəsində şəhid olan müddətdən artıq həqiqi hərbi qulluqçular Sadıqov Neman Bəhrəm oğlunun və Xanəliyev İsmayıl Ziyad oğlunun Salyan rayonunda 40 mərasimləri keçirilmişdir. Mərasimdən öncə Salyan Rayon Ağsaqqallar Şurasının üzvləri, habelə RİH-in başçısı Sevindik Hətəmov, hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin məzarlarını ziyarət etmiş, üzərinə gül dəstələri düzərək ruhlarına dualar oxumuşlar. Şəhidlərin adına açılan ehsan süfrələrində onların əziz xatirəsi ehtiramla yad edilmiş, Allahdan şəhidimizə rəhmət, ailələrinə və yaxınlarına səbr dilənmişdir.
Salyan Rayon Ağsaqqallar Şurasının üzvləri rayonun Təzəkənd sakini, 44- günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olan Qasımov Elməddin Aqil oğlunun şəhadətə qovuşmasının 3-cü ildönümündə də iştirak etmiş, onun məzarını ziyarət edərək ailə üzvlərinə başsağlığı vermiş və səbr diləmişlər. Ziyarət zamanı ağsaqqallar qeyd etmişlər ki, şəhidlərimizin qanı və canı bahasına rəşadətli Azərbaycan ordusu tarixi Qələbəyə imza atmışdır, müzəffər Ali Baş Komandanımız, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin suverenliyi və ərazi bütövlüyü bərpa olunmuşdur. Şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq, onların şərəfli ömür yolu, misilsiz qəhrəmanlıqları gələcək nəsillər üçün hər zaman örnək olacaqdır.






