Oktyabr ayının 31-də Goranboyda “Heydər Əliyev ili” çərçivəsində Rayon İcra Hakimiyyətinin və Rayon Ağsaqqallar Şurasının təşkilatçılığı ilə “Zəfərə gedən yol-1993-2023” mövzusunda konfrans keçirilib.
Konfransda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Azərbaycan Auditorlar Palatasının sədri, professor Vahid Novruzov, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Goranboy Rayon Ağsaqqallar Şurasının sədri Rəddin Məmmədov, Azərbaycan Ağsaqqallar Şurasının baş məsləhətçi-hüquqşünası Kamal Əliyev, habelə ağsaqallar, ziyalılar, şəhid ailələrinin üzvləri, qazilər, gənclər və ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Sonra konfrans iştirakçıları Heydər Əliyev Mərkəzinin foyesində təşkil edilən foto və rəsm sərgisi ilə tanış olublar.
Konfransda Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra xüsusi olaraq hazırlanmış videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev konfrans iştirakçılarını salamlayarq Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi möhtəşəm işlərdən bəhs edib. Bildirib ki, 1993-cü ildə Azərbaycan xalqının təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələn dahi şəxsiyyət dövlətçiliyimizi və xalqımızı böyük təhlükə və bəlalardan xilas edib. Milli və müasir dövlətçiliyimizin, həmçinin bugünkü inkişafımızın əsasının qoyan Ulu Öndər Heydər Əliyevin uğurlu daxili və xarici siyasəti hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Azərbaycan Auditorlar Palatasının sədri, professor Vahid Novruzov tədbir iştirakçılarını və bütün Goranboy əhalisini Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və öz adından salamlayaraq konfransın çox əhəmiyyətli bir mövzuya həsr edildiyini bildirib. Ulu Öndərin xalqımız qarşısındakı tarixi xidmətlərindən bəhs edən natiq vurğulayıb ki, bügünkü müasir, qalib və inkişaf etmiş Azərbaycanın memarı Ümummilli Liderimiz Heydər Əliyevdir. Müdrik rəhbərimiz yeni tarixi şəraitdə Azərbaycanı məhv olmaq təhlükəsindən xilas edərək dövlət müstəqilliyimizin qorunub saxlanması, dönməz və əbədi olması, habelə dünyəvi, demokratik və hüquqi dövlət quruculuğunun həyata keçirilməsi istiqamətində böyük işlər həyata keçirib, ölkəmizdə siyasi və iqtisadi sabitliyi bərqərar edib.
Vahid Novruzov Ulu Öndər Heydər Əliyevin işıqlı yolunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 20 illik əzmkar fəaliyyətindən də bəhs edib. Vurğulayıb ki, Azərbaycanın son illərdə qazandığı misilsiz nailiyyətlər – ölkə iqtisadiyyatının çiçəklənməsi, nəhəng infrastruktur layihələrin həyata keçirilməsi, bütün sahələrdə nəzərə çarpan yüksək inkişaf, Azərbaycanın yalnız Cənubi Qafqazda deyil, dünyada güclü, qüdrətli ölkə kimi qəbul edilməsi və ən əsası da işğal altındakı torpaqlarımızın azad edilərək Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam şəkildə təmin olunması möhtərəm Prezidentimizin müdrik siyasətinin, qətiyyətli və qüdrətli liderliyinin nəticəsində əldə edilib. Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev Azərbaycan tarixində ən böyük və möhtəşəm Zəfərin müəllifidir.
Vahid Novruzov Azərbaycan Ağsaqqallar Şurasının həyata keçirdiyi işlərdən bəhs edərək vurğulayıb ki, Şuranın fəaliyyət prioritetlərindən biri də Ulu Öndər Heydər Əliyevin zəngin mənəvi irsinin, onun həyat və fəaliyyətinin gənc nəslə öyrədilməsi, Ümummilli Liderimiz tərəfindən müəyyənləşdirilən və bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxili və xarici siyasət kursunun vətəndaşlarımız arasında geniş təbliğ edilməsidir.
Sonra çıxış edən Goranboy Rayon Ağsaqqallar Şurasının sədri Rəddin Məmmədov, Milli Qəhrəman, şəhid Niyazi Aslanovun həyat yoldaşı Rübabə İsmayılova, rayon ağsaqqalı Sakit Məmmədov və digər natiqlər Ulu Öndərin müstəsna həyat yolundan, çoxşaxəli fəaliyyətindən və xalqımız qarşısındakı xidmətlərindən söz açaraq qeyd ediblər ki, Ümummilli Lider Heydər Əliyev ölkəmizin tarixində öz epoxasını yaratmış qüdrətli tarixi şəxsiyyətdir. Onun Azərbaycan Respublikasına rəhbərlik etdiyi 1969-1982 və 1993-2003-cü illər ölkəmizin hərtərəfli inkişaf dövrüdür. Bildiriblər ki, hazırda müzəffər Ali Baş Komandanımız, möhtərəm Prezidentimiz cənab İlham Əliyev Ulu Öndərimizin inkişaf yolunu uğurla davam etdirir.
Sonda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Azərbaycan Auditorlar Palatasının sədri, professor Vahid Novruzov Goranboy RİH-in başçısı Məhərrəm Quliyevə Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Vaqif Şadlinski ilə birgə ideya müəllifi olduğu “Ulu Öndər Heydər Əliyev xatirələrdə” kitabını hədiyyə edib.
Daha sonra xatirə şəkli çəkdirilib.










