Yanvar ayının 5-də Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Bakı Dövlət Universitetinin üzvi kimya kafedrasının müdiri, görkəmli kimyaçı alim, akademik Abel Məhərrəmovun 74 yaşı tamam olur.
Abel Məhərrəmov tanınmış alim, vətənpərvər ictimai-siyasi xadim, dəyərli ziyalı olaraq öz səmərəli fəaliyyəti ilə daim xalqımıza böyük xidmətlər göstərmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu və qətiyyətli siyasətini hər zaman dəstəkləyərək ölkəmizdə elm və təhsilin inkişafına layiqli töhfələr vermişdir. Onun rəhbərliyi altında Bakı Dövlət Universiteti yeni inkişaf mərhələsinə qədəm qoymuş, təhsilin keyfiyyəti xeyli yüksəlmişdir. Minlərlə tələbənin ali təhsil almasında, bilik və bacarıqlara yiyələnməsində, cəmiyyətdə nümunəvi vətəndaşlar olaraq formalaşmasında Abel müəllim böyük rol oynamışdır. Zəngin pedaqoji fəaliyyəti, kimya elmi sahəsində apardığı çoxşaxəli sanballı elmi-tədqiqat işləri və əldə etdiyi uğurlu nəticələr ona dünya şöhrəti qazandırmışdır.
Fəal millət vəkili kimi də ölkəmizin həyatında yaxından iştirak edən Abel Məhərrəmovun tutduğu vəzifələrdəki uğurlu elmi, pedaqoji və ictimai-siyasi fəaliyyəti Azərbaycanda və respublikamızdan kənarda yüksək dəyərləndirilmişdir. O, “Yusif Məmmədəliyev adına medal”a “Əməkdar elm xadimi” fəxri adına, “Şöhrət” ordeninə, Türkiyə Respublikasının Qırıqqala Universitetinin Fəxri doktoru adına, Rumıniyanın Komandor dərəcəli ali “Qızıl ulduz” ordeninə, Elm və texnologiya sahəsində səmərəli fəaliyyətinə görə İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) “Qızıl medal”ına və çox sayda digər nüfuzlu mükafatlara, fəxri adlara layiq görülmüşdür.
Abel Məhərrəmov hazırda Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü olaraq müdrik bir ağsaqqal kimi təşkilatın fəaliyyətində yaxından iştirak edir, gənclərimizin maarifləndirilməsinə, elmə və təhsilə həvəslərinin artırılmasına, onların vətənpərvərlik və milli adət-ənənələrə, azərbaycançılıq məfkurəsinə bağlılıq ruhunda tərbiyəsi işinə dəyərli töhfələr verir.
Şərəf və vicdanla yaşadığı ömrünün müdriklik zirvəsində olan Abel Məhərrəmovu doğum günü münasibətilə ürəkdən təbrik edir, Ona uzun ömür, möhkəm cansağlığı, Azərbaycanımızın inkişafı naminə gördüyü bütün işlərdə, ictimai-siyasi və elmi fəaliyyətində uğurlar arzulayırıq!
Dərin hörmətlə,
Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin
üzvləri adından Şuranın sədri, millət vəkili, professor Eldar QULİYEV