Xəbərlər

Xalqımız daha qüdrətli Azərbaycan naminə qalib, müdrik və xilaskar Liderə səs verəcəkdir

Bu fikirləri Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanov Şabran rayonunda keçirilmiş və 2024-cü il fevralın 7-nə təyin edilən növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinə həsr olunmuş tədbirdə səsləndirib.

Tədbirdə Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanovla yanaşı, YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov, Şabran Rayon Ağsaqqallar Şurasının sədri Bəhlul Abbasov, İdarə Heyətinin üzvü Ağaşirin Bağırzadə, habelə nüfuzlu rayon ağsaqqalları, ziyalıları, din xadimləri, gənclər, o cümlədən idarə və müəssisələrin, YAP və digər qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbirdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov giriş nitqi ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb və 2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkilərindən danışıb. Bildirib ki, Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Azərbaycanın hər bir bölgəsində olduğu kimi, Şabran rayonunda da bir çox tədbirlər həyata keçirilir, maarifləndirmə işləri aparılır və bu istiqamətdə aparılan işlərdə rayon ziyalıları, ağsaqqallar, gənclər yaxından iştirak edirlər. “Biz bir daha hər bir vətəndaşımızı, o cümlədən Şabran rayonunun seçicilərini 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri – Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırırıq” – deyə Mehdi Balabəyov öz nitqində vurğulayıb.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanov tədbir iştirakçılarını Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və öz adından salamlayaraq bildirib ki, bugünkü geniş toplantı xalqımız üçün çox əhəmiyyətli olan bir mövzuya həsr edilib. Hazırda Azərbaycanın öz tarixinin ən güclü dövrünü yaşadığını vurğulayan natiq əlavə edib ki,  Ümummilli Liderimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, qalib xalqın qalib Lideri, möhtərəm Prezidentimiz cənab İlham Əliyev 20 illik rəhbərliyi zamanı ölkəmizi siyasi, iqtisadi, həmçinin hərbi cəhətdən qüdrətli bir dövlətə çevirib. Müdrik lider, böyük strateq, qalib sərkərdə cənab İlham Əliyevin başçılığı altında rəşadətli Ordumuz 44 günlük Vətən müharibəsində və 24 saatdan da az davam edən antiterror əməliyyatları nəticəsində Qarabağın və düşmən tapdağı altında olan torpaqlarımızın 30 illik işğalına son qoydu. Bütün bunların nəticəsidir ki, bu gün biz şərəfli və qürurlu tarixi günlər yaşayırıq. Sonra 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkilərindən ətraflı bəhs edən Tahir Süleymanov vurğulayıb ki, bu seçkilər həm də tariximizə “Zəfər seçkisi” kimi yazılacaq və bütün Azərbaycanı, doğma Qarabağımızı, işğaldan azad olunmuş ərazilərimizi əhatə edəcəkdir. Natiq, həmçinin, əmin olduğunu bildirib ki, hazırda təbliğat-təşviqat kampaniyasında yaxından iştirak edən Azərbaycan ağsaqqalları, o cümlədən hər zaman dövlətimizin yanında olan Şabran rayonunun əhalisi qalib ölkənin seçiciləri kimi hamılıqla seçkilərdə iştirak edəcəklər və ümumiyyətlə, bütün xalqımız daha qüdrətli Azərbaycan naminə qalib, müdrik və xilaskar Liderə – cənab İlham Əliyevə səs verəcəkdir.
Daha sonra çıxış edən Şabran Rayon Ağsaqqallar Şurasının sədri Bəhlul Abbasov, İdarə Heyətinin üzvü Ağaşirin Bağırzadə və digər natiqlər ölkəmizin ərazi bütövlüyünü, suverenliyini bərpa edən müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin 20 illik gərgin, məqsədyönlü və məhsuldar fəaliyyətindən bəhs ediblər. Vurğulayıblar ki, növbədənkənar prezident seçkilərində şabranlıların seçimi cənab İlham Əliyevdir və əminik ki, xalqımız qalib Liderin ətrafında daha sıx birləşərək hər zaman böyük nailiyyətlərə imza atacaqdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.