Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasının Gənclər Günü münasibətilə təbriki

Azərbaycan Ağsaqqallar Şurası 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə gənclərimizi təbrik edib. Təbrikdə deyilir:

 

         Dəyərli gənclərimiz!

2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Sizi səmimi-qəlbdən təbrik edir və hər birinizə  möhkəm cansağlığı, xoşbəxtlik, təhsilinizdə, işlərinizdə və şəxsi həyatınızda uğurlar arzulayırıq!

         Gənclik hər zaman cəmiyyətimizin aparıcı qüvvəsi olmuşdur. Böyük potensiala malik olan Azərbaycan gəncliyi  bu gün də bu missiyanı uğurla həyata keçirir, xalqımız, Vətənimiz qarşısında misilsiz xidmətlər göstərir. Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində və 24 saatdan da az davam edən antiterror tədbirlərində qəhrəmanlıqla vuruşan igid gənclərimiz öz canları-qanları bahasına Azərbaycanın şanlı tarixini qızıl hərflərlə yazdılar, qazandıqları möhtəşəm Zəfərlə ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etdilər. Bu gün gənc nəsil artıq işğaldan azad edilmiş ərazilərimizin  dirçəldilməsində, məcburi köçkünlərimizin öz doğma torpaqlarına qayıtmasında, Böyük qayıdışın uğurla həyata keçirilməsində aktiv iştirak edir.

Ümummilli Liderimiz Heydər Əliyev gənclərimizə daim yüksək qayğı  ilə yanaşmış, onların problemlərinin həllinə xüsusi diqqət ayırmış, ali təhsilli,  intellektual səviyyəli, müasir dünyagörüşlü və vətənpərvər gənc nəslin yetişməsinə çox böyük önəm vermişdir. 28 il əvvəl 2 fevral 1996-cı ildə müstəqil Azərbaycan gənclərinin ilk forumu  da məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə keçirilmiş və həmin tarix  “Azərbaycan Gəncləri Günü” elan edilmişdir. O vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur. Əsası Ümummilli Lider  Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir. Respublikamızda gənc nəslin hər bir sahədə inkişaf etməsi, ölkə daxilində və xaricində yüksək təhsil alması, işlə təmin olunması və sağlam həyat tərzi keçirməsi üçün bütün imkanlar yaradılmışdır. Bunun nəticəsidir ki, hazırda Azərbaycanda yüksək intellektə malik mübariz, Vətənini və  dövlətini sevən gənclər ordusu formalaşıb. Bu gənc nəsil birmənalı şəkildə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yürütdüyü siyasi kursu hərtərəfli dəstəkləyir,  cəmiyyətimizin aparıcı qüvvəsi olaraq dövlətçiliyimizin qorunmasında və inkişafında müstəsna rol oynayır.

Əziz gənclərimiz!

Sabahımızı etibar edəcəyimiz dəyərli şəxsiyyətlər və gələcəyimizin ağsaqqalı olaraq Siz bizim üçün çox qiymətlisiniz. Biz Azərbaycanın gələcəyini məhz Sizin simanızda görürük. Əminik ki, dövlətimizin diqqət və qayğısından bəhrələnməklə Siz yüksək təhsilə, müasir biliklərə yiyələnməklə yanaşı, ölkəmizin tərəqqisində, səmiyyətimizin formalaşmasında danılmaz xidmətləri olan müdrik ağsaqqallarımızdan da bir çox şeylər öyrənərək Azərbaycanın müstəqilliyinin qorunmasında, möhkəmləndirilməsində, inkişafında və daha xoşbəxt gələcəyimizin təmin olunmasında əvəzsiz rol oynayacaqsınız.

Bu əlamətdar gündə bir daha Sizi ürəkdən təbrik edir və hər birinizə ən səmimi arzularımızı çatdırırıq!

 

 

 

Hörmətlə,

Azərbaycan Ağsaqqallar Şurasının

çoxsaylı üzvləri adından Şuranın sədri,

millət vəkili, professor                                                                                        Eldar QULİYEV

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.