Azərbaycan Ağsaqqallar Şurası Novruz bayramı münasibətilə xalqımızı təbrik edib. Təbrikdə deyilir:
Hörmətli həmvətənlər!
Sizi milli təqvimimizə xalqımızın ən əziz bayramlarından biri kimi daxil olan Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə bahar təravətli xoş əhval-ruhiyyə, möhkəm cansağlığı, bol ruzi-bərəkət, əmin-amanlıq və ailə səadəti arzulayırıq!
Dördüncü ildir ki, xalqımız Novruz bayramını Azərbaycanın hər bir guşəsində, işğaldan azad edilmiş torpaqlarımızda, doğma Qarabağımızda böyük sevinc və coşğu ilə qarşılayır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu günlərdə Xankəndi şəhərində Novruz tonqalını alovlandırması bizi çox qürurlandırdı. Bu qürur və fəxarət hissini bizə yaşatdığı üçün Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə və onun rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa edən cəsur Vətən övladlarına dərin minnətdarlığımızı bildirir və təbriklərimizi çatdırırıq, qəhrəman şəhidlərimizin əziz xatirəsini böyük ehtiramla yad edirik.
Təbiətə bağlılıqdan, sevgidən yaranmış Novruz xalqımızın bütün dəyərlərini özündə cəmləşdirmiş, tarix boyu yaşantılarımzın, həyatımızın, məişətimizin ayrılmaz hissəsi olmuş, gəlişi ilə hamıya bahar sevinci bəxş etmişdir. Bu bayram onilliklər boyu qadağan olunsa da, xalqımız onu yaşatmış, ali, müqəddəs arzularının çiçəklənəcəyinə, yenidən sevinc, təravət, gözəllik rəmzinə çevriləcəyinə inanmışdır. Xalqımıza, milli adət-ənənələrimizə, mənəvi, əxlaqi dəyərlərimizə bütün varlığı ilə bağlı olan böyük tarixi şəxsiyyət, Ulu Öndərimiz Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Novruz bayramı dövlət səviyyəsində daha geniş və təntənəli şəkildə qeyd olunmağa başlamışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ümummilli Liderimiz Heydər Əliyevin milli-mənəvi dəyərlərimizin qorunması, onlara böyük diqqət və qayğı göstərilməsi siyasətini bu gün uğurla davam etdirir və xüsusilə də ana təbiətin oyanışının, həyatın canlanmasının, insanlar arasında bərabərliyin və həmrəyliyin rəmzi sayılan Novruz bayramına dərin bir sevgi bəsləyir.
Dəyərli həmvətənlər!
Bu əziz bayram münasibətilə bir daha hamınızı səmimi-qəlbdən təbrik edir, hər birinizə bahar ovqatı, xoşbəxtlik, firavanlıq, bol sevinc və uğurlar diləyir, doğma xaqımıza, Azərbaycanımıza tükənməz zəfərlər, nailiyyətlər arzulayırıq!
Novruz bayramınız mübarək olsun!
Dərin hörmətlə,
Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin
üzvləri adından Şuranın sədri, millət vəkili, professor Eldar QULİYEV