Martın 27-də Azərbaycan Milli Elmlər Akademiyasının Əsas binasının Dairəvi zalında Elm Günü münasibətilə “Elm Günü və Günün elmi: humanitar tədqiqatlar və süni intellekt” mövzusunda təntənəli tədbir keçirilib.
Tədbirdə AMEA-nın prezidenti, Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, akademik İsa Həbibbəyli, Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev, Xalq rəssamı, akademik Ömər Eldarov, millət vəkilləri Fazil Mustafa, Ülviyyə Həmzəyeva, AR Elm və Təhsil Nazirliyinin Elm və ali təhsil siyasəti şöbəsinin müdiri Turxan Süleyman, Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri – akademik Arif Həşimov, akademik Abel Məhərrəmov, AMEA-nın müxbir üzvü Misir Mərdanov, həmçinin AMEA Rəyasət Heyətinin üzvləri, həqiqi və müxbir üzvləri, AMEA-nın elmi müəssisə və təşkilatlarının əməkdaşları və respublika elmi ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdən öncə ilk dəfə təşkil olunmuş Xalq rəssamı akademik Ömər Eldarovun fərdi heykəltəraşlıq sərgisinə, elmi ictimaiyyətə ilk dəfə təqdim olunan AMEA loqosunun eskizləri sərgisinə, eləcə də AMEA Arxeologiya və Antropologiya İnstitutunun sərgisinə baxış olub.
Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin “Elm Günü və Günün elmi: Humanitar tədqiqatlar və süni intellekt” mövzusunda giriş nitqi dinlənilib.
AMEA-nın ötən 80 ilə yaxın müddətdə şərəfli inkişaf yolu keçdiyini deyən akademik İsa Həbibbəyli bu inkişafın təmin olunmasında Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, Sovet hakimiyyəti illərində Heydər Əliyevin təşəbbüsü ilə Elmlər Akademiyasının maddi-texniki bazası əsaslı şəkildə yenidən qurulub, elmi tədqiqatların ölkə həyatı ilə əlaqələndirilməsi üçün geniş imkanlar yaradılıb. Müstəqillik illərində isə Ümummilli Liderin Fərmanı ilə 2003-cü ildə Elmlər Akademiyasına Milli Elmlər Akademiyası statusu verilib.
Son illərdə isə Azərbaycan elminin Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində yeni inkişaf mərhələsinə qədəm qoyduğunu deyən akademik İsa Həbibbəyli elmi tədqiqatların ölkəmizin inkişaf strategiyasına və milli prioritetlərə uyğun həyata keçirildiyini, nəticədə böyük uğurların əldə olunduğunu söyləyib. Həmçinin dövlət başçısının qayğısı nəticəsində “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin təşkil olunduğunu, Yüksək Texnologiyalar Parkının yaradıldığını, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının yeni binasının tikildiyini, Şamaxı Astrofizika Rəsədxanasının maddi-texniki bazasının yeniləşdirildiyini, Azərbaycan Milli Elmlər Akademiyasının yeni Nizamnaməsinin təsdiq olunduğunu diqqətə çatdırıb.
Akademik İsa Həbibbəyli çıxışının sonunda bildirib ki, 44 günlük Vətən müharibəsində, eləcə də antiterror tədbirləri zamanı xalqımıza böyük qələbələr bəxş etmiş və Xankəndidə Dövlət Bayrağımızı ucaltmış Müzəffər Ali Baş Komandanımız, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasəti alimlərimiz ürəkdən dəstəkləyir, Azərbaycan elminə daim diqqət və qayğı göstərən dövlət başçısının qarşıya qoyduğu mühüm vəzifələri məsuliyyətlə yerinə yetirirlər.
Sonra Ölkə Başçısının 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalına layiq görülmüş şəxslərə mükafatları təqdim olunub.
Tədbirdə digər natiqlərlə yanaşı, Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev də çıxış edib. O, öz çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci il 09 aprel tarixli Sərəncamı ilə hər il mart ayının 27-də ölkəmizdə “Elm günü”nün qeyd olunduğunu bildirərək, dövlət tərəfindən ölkəmizdə elmin inkişafına göstərilən diqqqət və qayğıdan danışıb, həmçinin alimləri bu əlamətdar gün münasibətilə təbrik edib. Vurğulayıb ki, respublikamızda həyatın müxtəlif sahələrinin inkişaf etdirilməsində, dövlətçiliyimizin formalaşdırılmasında, elmi kadrların yetişdirilməsində alimlərimizin böyük əməyi vardır.
Daha sonra Eldar Quliyev Azərbaycanda elmin və təhsilin inkişafına verdikləri töhfələrə, beynəlxalq elmi əlaqələrin formalaşdırılmasında, yüksəkixtisaslı elmi kadrların hazırlanmasında, gənc alimlərin yetişdirilməsində, onlara milli-mənəvi dəyərlərin aşılanmasında göstərdikləri xidmətlərə görə və “Elm günü” münasibətilə bir qrup alimi “Fəxri Ağsaqqal” döş nişanı ilə təltif edib. Həmçinin bəzi alimlərə Azərbaycan Ağsaqqallar Şurasının Fəxri fərmanları təqdim olunub.
Təltiflərdən sonra Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev elmi ictimaiyyəti bir daha təbrik edib, alimlərə yeni-yeni nailiyyətlər arzulayıb.
Tədbir çərçivəsində, həmçinin “Xalq rəssamı, akademik Ömər Eldarovla dialoq: sənət dünyası və gələcəyə baxış” mövzusunda dialoq təşkil olunub. Onun həyat və fəaliyyətini əks etdirən “Hələ axşam deyil” sənədli filmi nümayiş etdirilib.
Tədbirdə Elm və Təhsil Nazirliyinin Elm və ali təhsil siyasəti şöbəsinin müdiri Turxan Süleyman çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Elm Günü”nün təsis edilməsi haqqında müvafiq Sərəncamının Azərbaycan elminə, təhsilinə böyük diqqət və qayğının təzahürü olduğunu vurğulayıb, əlamətdar gün münasibətilə elmi ictimaiyyəti təbrik edib. Turxan Süleyman elmlə təhsilin vəhdətinin vacibliyini vurğulayaraq, 2023-cü il noyabrın 28-də ölkə başçısının imzaladığı Sərəncamla Xankəndi şəhərində Qarabağ Universitetinin yaradılmasının tarixi hadisə olduğunu bildirib. Qeyd edib ki, bu qərar bütövlükdə Azərbaycan təhsilinin və elminin inkişafında müsbət nəticələrə səbəb olacaq. O, alimləri və gənc tədqiqatçıları Qarabağ Universiteti ilə əməkdaşlığa dəvət edib.
Sonra çıxış edən Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa AMEA-nın Azərbaycan xalqının intellektual potensialının formalaşmasında, onun sosial-ictimai tərəqqisində mühüm rol oynayan qurum olduğunu deyib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin elmi ictimaiyyətə hər zaman dəstək olduğunu söyləyən Fazil Mustafa dövlət başçısının elmlə bağlı, alimlərin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı bir sıra Sərəncam və fərmanlar imzaladığını xatırladıb. O, dünya elminin çağırışlarına cavab verən elmi tədqiqatlara üstünlük verməyin, Azərbaycan elmini beynəlxalq elmi tələblərə uyğunlaşdırmağın vacibliyini qeyd edib. Çıxışının sonunda Fazil Mustafa elm adamlarını peşə bayramları münasibətilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.
Çıxışlardan sonra akademik Yusif Məmmədəliyev haqqında film nümayiş etdirilib. Daha sonra elmi fəaliyyətində fərqlənən bir sıra alimlərə AMEA-nın Fəxri fərmanları təqdim olunub. Sonda Azərbaycan Milli Elmlər Akademiyasının Marşı səsləndirilərək tədbirə yekun vurulub.
Tədbirdə Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli, Şuranın əməkdaşları Şahnaz Hacıyeva və Rafiq Rzayev də iştirak edib.





