Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasının ölkəmizdə təhlükəsizlik orqanlarının yaradılmasının 105 illik yubileyi münasibətilə təbriki

Azərbaycan Ağsaqqallar Şurası ölkəmizdə təhlükəsizlik və kəşfiyyat orqanlarının yaradılmasının 105 illik yubileyi və peşə bayramı münasibətilə təhlükəsizlik orqanlarının əməkdaşlarına və veteranlarına təbrik ünvanlayıb.  Təbrikdə deyilir:

Hörmətli Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat xidmətlərinin əməkdaşları və veteranları!

Sizi Azərbaycanda təhlükəsizlik və kəşfiyyat orqanlarının yaradılmasının 105 illik yubileyi və peşə bayramınız münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə Vətənimizin təhlükəsizliyinin etibarlı təmin edilməsi naminə həyata keçirdiyiniz  şərəfli və məsuliyyətli xidmətinizdə uğurlar arzulayırıq!

Mart ayının 28-də Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 105 illik yubileyi tamam olur. Bu əlamətdar gün Azərbaycan Xalq Cümhuriyyətində dövlət təhlükəsizliyinin təmin edilməsi məqsədilə 1919-cu il martın 28-də kəşfiyyat və əks-kəşfiyyat xidmətinin yaradılması ilə tarixə düşüb.  Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 1997-ci il martın 23-də imzaladığı sərəncamla artıq 27 ildir  martın 28-i Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən peşə bayramı kimi qeyd olunur.

Hələ Sovet İttifaqı dövründə ölkəmizin təhlükəsizlik orqanlarının xalqımızın və dövlətimizin maraqlarına xidmət göstərməsini təmin edən və bu sahədə yüksək səviyyəli, peşəkar milli kadrların hazırlanmasına böyük töhfə verən Ulu Öndər Heydər Əliyev milli təhlükəsizlik siyasətinin həyata keçirilməsinin başlıca istiqamətlərini müəyyən edərək Azərbaycanı xarici və daxili təhlükələrdən  qorumağa qadir olan xüsusi xidmət orqanları sistemini formalaşdırmışdır. Hazırda  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  rəhbərliyi ilə fəaliyyətini müasir çağırışların tələblərinə uyğun quran ölkəmizin təhlükəsizlik və kəşfiyyat orqanları tərəfindən respublikamızda sabitlik və əmin-amanlıq etibarlı şəkildə qorunub saxlanılır.  Hər zaman öz fəaliyyətlərini yüksək peşəkarlıqla və ruh yüksəkliyi ilə həyata keçirən təhlükəsizlik orqanlarının əməkdaşları 44 günlük Vətən müharibəsində də erməni işğalçılarına qarşı mübarizədə böyük fədakarlıqlar göstərərək, düşmənin ölkə daxilində terror və təxribat törətmək planlarının qarşısını qətiyyətlə almışlar. Əminik ki, bundan sonra da xüsusi xidmət orqanlarımız milli maraqlarımızın,  təhlükəsizliyimizin keşiyində daim ayıq-sayıq duracaqlar və üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəklər.

Bir daha Sizi Azərbaycan Ağsaqqallar Şurasının çoxminli üzvləri  adından 105 illik yubileyiniz və peşə bayramınız münasibətilə ürəkdən təbrik edir, gələcək fəaliyyətinizdə davamlı müvəffəqiyyətlər diləyirik!

 

Dərin hörmətlə,
Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin
sədri, millət vəkili, professor                                                                                                                                Eldar QULİYEV

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.