Xəbərlər

Sumqayıt Şəhər Ağsaqqallar Şurasının təşkilatçılığı ilə “Sumqayıtın 75 illiyi şairlərimizin şeirlərində” adlı tədbir keçirilib

Sumqayıt şəhərinin 75 illik yubileyi münasibətilə silsilə tədbirlər davam etdirilir. Bu günlərdə Sumqayıt Şəhər Ağsaqqallar Şurasının və Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Hacı Zeynalabdin qəsəbəsində “Sumqayıtın 75 illiyi şairlərimizin şeirlərində” adlı növbəti tədbir keçirilib.

Hacı Zeynalabdin qəsəbəsi 6 nömrəli tam orta məktəbdə təşkil olunan tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra açılış nitqi ilə çıxış edən Hacı Zeynalabdin Qəsəbə Ağsaqqallar Şurasının sədri Arif Qafarov tədbir iştirakçılarını salamlayıb və qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə həyata keçirilən bir çox əhəmiyyətli işlər nəticəsində Sumqayıt hərtərəfli inkişaf edib, şəhərdə tamamilə yeni infrastruktur yaranıb. Bu gün Sumqayıt şəhəri özünün yeni inkişaf mərhələsini yaşayır.
Sumqayıt Şəhər Ağsaqqallar Şurasının sədri Təbrik Quliyev öz çıxışında bildirib ki, hazırda ölkəmizin bütün şəhər və rayonları kimi Sumqayıt da sürətli inkişaf dövrünü yaşayır. Şəhərin bugünkü tərəqqisi göstərir ki, Ulu Öndər Heydər Əliyevin arzuları gerçəkləşir, ideyaları reallığa çevrilir, çünki Ümummilli Liderimiz Sumqayıtı məhz belə görmək istəyirdi. 75 il tarix baxımından qısa müddət olsa da, Sumqayıtın əldə etdiyi uğurların palitrasının zəngin, əhəmiyyətinin böyük olduğunu vurğulayan Təbrik Quliyev əlavə edib ki, bu gün Sumqayıt Şəhər Ağsaqqallar Şurasının üzvləri də şəhərin ictimai-mədəni həyatında yaxından iştirak edərək Sumqayıtın inkişafı naminə öz bilik və bacarıqlarını əsirgəmirlər.
Daha sonra çıxış edən əməkdar müəllim Əvəz Mahmudov, Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsinin rəhbəri Gülnarə Cəmaləddin və digər natiqlər qeyd ediblər ki, 1949-cu il noyabrın 22-də Azərbaycan SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə Sumqayıta “şəhər” statusu verilib. Ötən 75 il ərzində hər bir il Sumqayıtın simasını müsbətə doğru dəyişib və onu Cənubi Qafqazın 2-ci sənaye mərkəzinə çevirib. Ümummilli Lider Heydər Əliyevin “sabahın şəhəri” adlandırdığı Sumqayıt – Xəzərin sahillərində salınan bu gözəl şəhər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə daha böyük nailiyyətlərə imza ataraq gözoxşayan, möhtəşəm bir şəhər olub.
Çıxışlardan sonra tədbir ədəbi-bədii kompozisiyalarla davam etdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.