Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrımla görüşüb

Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrımla görüşüb. Görüşdə Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, millət vəkili, akademik Əhliman Əmiraslanov da iştirak edib.
Səmimi şəraitdə keçən görüş zamanı ölkələrimiz arasında gündən-günə yüksələn əlaqələrin inkişaf səviyyəsindən söhbət açılıb. Eldar Quliyev qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə iki qardaş ölkə arasında tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan əlaqələr davamlı olaraq inkişaf edir və möhkəmlənir. Eyni soykökünə, ortaq tarixə, dilə, dinə, mədəniyyətə və qarşılıqlı olaraq digər doğma bağlara malik olmaları iki dost və qardaş ölkəni daha yaxın edir, xalqlarımız həm kədərli, həm də sevincli günlərdə bir-birinin yanında olurlar. Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurası çərçivəsində həyata keçirilən yaxın əməkdaşlıqdan da bəhs edən natiq vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan və Türkiyə haqqında səsləndirdiyi tarixi “Bir millət, iki dövlət” ifadəsi daha da genişlənərək “Bir millət, altı dövlət” miqyasına yüksəlib. Eldar Quliyev qarşıdan gələn, İslam və Türk dünyasının ən əziz bayramlarından olan müqəddəs Ramazan bayramı münasibətilə Şamil Ayrımı və qardaş Türkiyə xalqını ürəkdən təbrik edərək ən səmimi arzularını çatdırıb.
Görüş zamanı növbəti dəfə səmimi qəbula görə öz minnətdarlığını ifadə edən Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrım vurğulayıb ki, iki dost və qardaş ölkə arasında əlaqələrin yüksək səviyyədə inkişafı təkcə Azərbaycan və Türkiyənin deyil, ümumilikdə bütün region dövlətlərinin tərəqqisinə əhəmiyyətli töhfələr verir. Əmin olduğunu bildirib ki, xalqlarımız arasındakı dostluq, qardaşlıq münasibətlərinin sarsılmazlığı və daha da möhkəmlənməsi fonunda biz hər zaman dünya birliyində önəmli yer tutan qüdrətli Azərbaycan və Türkiyənin şahidi olacağıq. O da, öz növbəsində, Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edib, sülh, rifah və əmin-amanlıq diləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.