Azərbaycan Ağsaqqallar Şurası Ramazan bayramı münasibətilə xalqımıza təbrik ünvanlayıb. Təbrikdə deyilir:
Əziz həmvətənlər!
Sizi İslam və Türk dünyasının ən əziz və əlamətdar bayramlarından olan müqəddəs Ramazan bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, Uca Allahdan şəfqət və mərhəmət rəmzi olan bu mübarək ayda tutduğunuz orucların, etdiyiniz duaların və niyyətlərin qəbul edilməsini arzulayırıq!
Cəmiyyətdə bərabərliyin, humanizm və xeyirxahlıq duyğularının, milli-mənəvi dəyərlərin aliliyini təcəssüm etdirən Ramazan ayı insanlar arasında birliyi, həmrəyliyi, mərhəməti, yardımlaşmanı daha da gücləndırir. Müqəddəs kitabımız Qurani-Kərimin nazil olduğu, on bir ayın sultanı sayılan Ramazan islami dəyərlərin qorunduğu ölkəmizdə möhtərəm Prezidentimiz cənab ilham Əliyevin xüsusi diqqəti və qayğısı sayəsində ümumxalq bayram səviyyəsində bütün suveren Azərbaycanda, o cümlədən işğaldan azad edilmiş şəhər və rayonlarımızda böyük sevinclə qeyd edilir. Rəhmət, bağışlanma və paklaşma ayı olan bu müqəddəs ayda müsəlman bacı və qardaşlarımız uca Allah qarşısında vicdani borclarını yerinə yetirərək tutduqları oruc, qıldıqları namaz, etdikləri dualarla dövlətimizə və xalqımıza əmin-amanlıq, xoşbəxtlik və tərəqqi diləyirlər. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, xoşbəxt gələcəyi naminə canından keçən qəhrəman övladlarımızın unudulmaz xatirəsi bu mübarək bayram günlərində bir daha ehtirmla yad edilir, onların ölməz ruhuna dualar oxunur.
Bu əziz günlərdə bir daha bütün soydaşlarımızı, bu mübarək ayın sınaqlarından üzüağ çıxmış müsəlman bacı və qardaşlarımızı müqəddəs Ramazan bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə cansağlığı, xoşbəxt həyat, ailə səadəti, bol ruzi-bərəkət və firavanlıq diləyirik!
Allah orucunuzu və dualarınızı qəbul etsin! Bayramınız mübarək olsun!
Hörmətlə,
Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin
üzvləri adından Şuranın sədri,
millət vəkili, professor Eldar Quliyev