Aprel ayının 16-da Azərbaycan Ağsaqqallar Şurasının üzvləri “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin (DTMQİ) təşkilatçılığı ilə Bakı Fotoqrafiya Evində keçirilən “Fotolarda canlanan tarix” adlı sərginin bağlanış mərasiminə qatılıblar.
Tədbirdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa, DTMQİ-nin Aparat rəhbəri İntiqam Babayev, eləcə də Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli, Şuranın İdarə Heyətinin üzvü, Azərbaycan Memarlar İttifaqının sədri, professor Elbay Qasımzadə, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva, Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev, həmçinin bir sıra mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Mərasimdə çıxış edən Şahin Seyidzadə qonaqları salamlayaraq, onlara sərginin mahiyyətindən bəhs edib. Vurğulayıb ki, sərgidə nümayiş olunan nadir fotolar Azərbaycanda ilk dəfə olaraq “İçərişəhər” DTMQİ-nin nəzdində fəaliyyət göstərən “İçərişəhər” Muzey Mərkəzinin fonduna məxsus 1860-cı illərin ortalarından 1970-ci illərə qədər olan dövrü əhatə edən şüşə neqativlərin və nadir fotoların bərpa və konservasiya edilməsi, rəqəmsallaşdırılması nəticəsində işıq üzü görüb. Həmçinin ölkədə ilk dəfə olaraq tətbiq olunan bu texnologiya sahəsində ilkin mərhələdə fondun arxivindəki minlərlə fotodan 300-dən çox fotoya ikinci həyat verilib.
Mart ayının 18-dən etibarən nümayiş olunan fotosərgidə iştirakçılar təqdim edilən “İçərişəhər”, “Abşeron” və “Qarabağ” adlı üç kolleksiya üzrə, bəziləri ilk dəfə sərgilənən unikal fotolarla, qonaqlar vaxtilə mövcud olmuş, hazırda isə ya qalıqları qalmış, ya da tamamilə dağıdılmış abidələri əvvəlki vəziyyətində görmək imkanı qazanıblar. Tarixi abidələri, onların bərpa prosesini əks etdirən bu nadir fotoların bərpası ilə Bakı, İçərişəhər və Azərbaycanın bölgələrindəki binaların bu günədək məlum olmayan görüntüləri əldə edilib.
Tədbirdə sərgi iştirakçılarına “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi “İçərişəhər” Muzey Mərkəzinin Almaniyanın Federal Xarici İşlər Nazirliyinin “Mədəniyyətin qorunması” proqramı çərçivəsində elan edilmiş müsabiqəsində qazanılmış qrant layihəsi əsasında ərsəyə gələn “Fotolarda canlanan tarix” adlı kataloqlar da hədiyyə edilib. Azərbaycan və ingilis dillərində nəşr edilən bu kataloqda zəngin mədəniyyətimizi, köklü tariximizi əks etdirən unikal fotolar yer alıb.
Azərbaycan Ağsaqqallar Şurasının üzvləri “Fotolarda canlanan tarix” adlı sərginin bağlanış mərasimində iştirak ediblər
- 17-04-2024
- [10:16]
- []
17
Apr






