Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasının Saatlı və İmişli rayon təşkilatlarında hesabat konfransları keçirilib

Aprel ayının 17-də Azərbaycan Ağsaqqallar Şurasının Saatlı və İmişli rayon təşkilatlarında hesabat konfransları keçirilib.

Konfranslarda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov, Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli, baş məsləhətçi-hüquqşünas Kamal Əliyev, rayon ağsaqqalları, ziyalıları, şəhid ailələri, qazilər və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Saatlı və İmişli rayonlarında keçirilən konfranslarda tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla anıblar.
Konfranslarda Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının, həmçinin hesabat dövründə vəfat etmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra tədbir iştirakçılarını salamlayan hər iki rayonun icra hakimiyyətinin başçısı milli-mənəvi dəyərlərimizin qızıl fondu hesab edilən ağsaqqalların Saatlı və İmişlinin ictimai-mədəni həyatında oynadıqları əhəmiyyətli roldan, onların dəyərli öyüd-nəsihətlərinə hər bir kəsin ehtiyacının olmasından danışıblar. Vurğulayıblar ki, ağsaqqallar Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşən rayon əhalisinin, gənclərin Vətənə, dövlətə və xalqa bağlılğı istiqamətində üzərlərinə düşən vəzifələri böyük məsuliyyətlə yerinə yetirirlər.
Sonra Saatlı Rayon Ağsaqqallar Şurasının sədri Sədafər Hüseynovun və İmişli Rayon Ağsaqqallar Şurasının sədri Ramiz Əmirovun təşkilatların fəaliyyətləri ilə bağlı hesabat məruzələri dinlənilib. Məruzələrdə yerli təşkilatların hesabat dövrü ərzində həyata keçirdikləri, iştirak etdikləri bir sıra əhəmiyyətli tədbirlərdən, görülən işlərdən bəhs olunub, şəhid ailələri və qazilərlə mütəmadi görüşlərin keçirildiyi, həmçinin gənclərlə davamlı olaraq maarifləndirici işlərin aparıldığı qeyd edilib. Vurğulanıb ki, hər iki rayonun Ağsaqqallar Şurasının üzvləri fevralın 7-də keçirilən növbədənkənar prezident seçkiləri ilə bağlı təbliğat-təşviqat, həmçinin səsvermə prosesində fəal iştirak ediblər və qalib xalqın qalib Lideri cənab İlham Əliyevi dəstəkləyiblər. Məruzəçilər, həmçinin, bildiriblər ki, hazırda 2024-cü ilin fəaliyyət planına uyğun olaraq işlərini səmərəli şəkildə həyata keçirirlər.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov öz çıxışında Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və İdarə Heyətinin üzvlərinin salamlarını konfrans iştirakçılarına çatdıraraq, xüsusilə son illərdə tarixi Zəfərimizin reallıqları fonunda Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi inkişaf strategiyasından bəhs edib. İşğaldan azad edilmiş ərazilərimizlə yanaşı, digər regionlarımızın da inkişaf etdirilməsinə böyük diqqət ayrıldığını vurğulayıb. Vahid Novruzov, həmçinin, dövlət başçısı cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən ölkəmizdə ağsaqqallara göstərilən qayğıdan danışıb. Cəmiyyətimizə, xüsusilə də gənc nəslə milli-mənəvi dəyərlərin, Vətənə, xalqa, dövlətə hörmət ruhunun aşılanmasında ağsaqqalların rolundan söz açıb. Bildirib ki, millət vəkili, professor Eldar Quliyevin sədrliyi ilə Azərbaycan Ağsaqqallar Şurasında bir çox əhəmiyyətli işlər həyata keçirilir, təşkilat ölkəmizdəki ictimai-siyasi proseslərdə yaxından iştirak etməklə hər zaman xalqımızın milli mənafeyinə xidmət göstərir. Natiq Azərbaycan Ağsaqqallar Şurasının son üçillik fəaliyyətinin yekunlarına dair Hesabatın nəfis şəkildə, fotolarla kitabça formasında çap olunduğunu, bundan başqa, Şuranın təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və müasir Türk dünyası” mövzusunda keçirilmiş beynəlxalq elmi-praktiki konfransın materiallarının, o cümlədən, məruzələr, məqalələr və tezislərin toplu şəklində nəşr edildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Çıxışının sonunda Vahid Novruzov hər iki rayonun hesabatını qənaətbəxş hesab edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Daha sonra çıxış edən natiqlər rayon ağsaqqallarının gördükləri səmərəli işlərdən söz açaraq, gənclərin zərərli təsirlərdən uzaq sağlam əsaslar üzərində, dövlətə, xalqa sədaqət ruhunda tərbiyəsi məsələsində onlara hər zaman böyük ehtiyacın olduğunu vurğulayıblar. Əmin olduqlarını bildiriblər ki, bundan sonra da ağsaqqallar Azərbaycanın inkişafı naminə öz bilik və təcrübələrini əsirgəməyəcəklər.
İmişli Rayon Ağsaqqallar Şurasının hesabat konfransında bəzi təşkilati məsələlərə də baxılıb. Dünyasını dəyişən Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvünün yerinə səsvermə yolu ilə yeni üzv seçilib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.