Sumqayıta şəhər statusu verilməsinin 75 illiyi münasibətilə aprel ayının 17-də Sumqayıt Şəhər Ağsaqqallar Şurası Veteranlar təşkilatı ilə birgə növbəti tədbir keçirib.
Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının akt zalında keçirilən yığıncağı Şəhər Veteranlar təşkilatının sədri Sovet Şükürov giriş sözü ilə açaraq yubileyə hazırlıqla bağlı qarşıda duran işlərdən danışıb.
Şəhər Ağsaqqallar Şurasının sədri, Prezidentin fərdi təqaüdçüsü Təbrik Quliyev çıxışında bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Sumqayıt şəhəri yeni inkişaf mərhələsini yaşayır. Son illər ərzində Sumqayıt şəhərində kifayət qədər genişmiqyaslı işlər görülüb. Sonra o, xatırladıb ki, Sumqayıta şəhər statusu verilməsinin 75 illik yubileyinin yüksək səviyyədə təşkili üçün Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov xüsusi sərəncam imzalayıb və bu məqsədlə tədbirlər planı hazırlanıb. Bu tədbirlər planı əsasında həyata keçirilən işlərdə Sumqayıt Şəhər Ağsaqqallar Şurasının üzvləri də yaxından iştirak edirlər.
Sonra digər çıxışlar dinlənilib. Sumqayıt Dövlət Universitetinin professoru Şirxan Səlimov, Əməkdar jurnalist Eyruz Məmmədov, şair-publisist Əvəz Mahmud Lələdağ, “Qartal” tikinti firmasının prezidenti Şahin Məmmədov, YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, Əməkdar müəllim, Prezidentin fərdi təqaüdçüsü Ofelya Babayeva şəhərin tərəqqisi ilə bağlı fikirlərini bölüşüblər. Vurğulayıblar ki, boz çöllərdə, Xəzərin qumlu sahillərində özünə əbədi ünvan tapmış Sumqayıt əsrlərə bərabər inkişaf yolu keçib. Dahi şəxsiyyət Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi illərdə Sumqayıt şəhərini, onun zəhmətkeş insanlarını daim diqqətdə saxlayıb, qayğısını əsirgəməyib. Ulu Öndərin sayəsində şəhərdə müasir istehsal müəssisələri, eləcə də sosial obyektlər tikilib istifadəyə verilib, insanların mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində real addımlar atılıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də Sumqayıta hər zaman qayğı ilə yanaşıb. Ölkə rəhbərinin tağşırığı, Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun təşkilatçılığı sayəsində şəhər son illərdə daha gözəl, yaraşıqlı və abad məkana çevrilib. Yeni tikililər, xüsusilə, cənab Prezidentimizin möcüzə adlandırdığı Dənizkənarı bulvar hər kəsi heyran edir.
İşgüzar şəraitdə keçən tədbirə Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşı Fərman Kazımov yekun vurub. Şəhərin 75 illik yubileyinin yüksək səviyyədə keçirilməsində ağsaqqalların və veteranların həmişə olduğu kimi, bu il də öndə olduğunu diqqətə çatdırıb.












