Xəbərlər

Ağsu rayonunun ağsaqqalları şəhidin doğum gününə həsr olunmuş tədbirdə iştirak ediblər

Ağsu rayonunda 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman oğullarımızdan biri olan şəhid Mirzəyev İbad Mansur oğlu doğum günü qeyd olunub.

Tədbir qəhrəmanın ata ocağında, Kəndoba kəndindəki evində baş tutub.
Tədbirdə Ağsu rayon Ağsaqqallar Şurasının sədri Vaqif Nəzərov, Rayon İcra Hakimiyətinin rəsmiləri, din xadimləri, ağsaqqallar və ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhidin evi ziyarət edilib, ailəsi ilə görüş keçirilib.
Görüş zamanı Ağsu Rayon Ağsaqqallar Şurasının sədri Vaqif Nəzərov İbad Mirzəyevin həyatından və torpaqlarımızın müdafiəsi zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açıb. Bildirib ki, İbad qısa ömür yaşasa da, canını Vətən yolunda fəda etməsi ilə özündən sonra böyük igidlik, şücaət məktəbi qoyub. İndi bütün Ağsu əhalisi ilə yanaşı, hər bir Azərbaycan vətəndaşı onunla fəxr edir. Vaqif Nəzərov, həmçinin, qürurla vurğulayıb ki, Müzəffər Ali Baş Komandanımız, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tarixi Zəfər qazanıb, ölkəmizin suverenliyi və ərazi bütövlüyü bərpa olunub. O bir daha uca Allahdan şəhid İbad Mirzəyevə və bütün şəhidlərimizə rəhmət diləyib və qeyd edib ki, şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq, onların şərəfli ömür yolu, misilsiz qəhrəmanlıqları gələcək nəsillər üçün hər zaman örnək olacaqdır.
Sonra tədbir iştirakçıları tərəfindən şəhid ibad Mirzəyevin Kəndoba kənd qəbiristanlığındakı məzarı ziyarət edilib və ruhuna dualar oxunub.
Qeyd edək ki, 25 aprel 1999-cu ildə Ağsu rayonunun Kəndoba kəndində anadan olan Mirzəyev İbad Mənsur oğlu orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb. 2019-cu ildə hərbi xidmətini şərəflə başa vurduqdan sonra o, yenidən ordu sıralarına qayıdaraq, xidmətini müddətdən artıq hərbi qulluqçu kimi davam etdirib. Sentyabrın 27-də müharibə başlayanda İbad da könüllü olaraq ön cəbhəyə yollanıb. Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan istiqamətlərində gedən ağır döyüşlərdə igidliyi ilə seçilib, düşmənin xeyli sayda canlı qüvvəsinin və texnikasının məhv edilməsində qəhrəmanlıqlar göstərib. Cəbhə yoldaşları İbadın 20-dək düşmən əsgərini məhv etdiyini bildiriblər. Cəsur döyüşçümüz Füzulinin işğaldan azad edilməsi uğrunda gedən ağır döyüşlər zamanı düşmən snayperinin gülləsinə tuş gələrək qəhrəmancasına şəhid olub.
Göstərdiyi igidliyə görə  şəhid Mirzəyev İbad Mansur oğlu ölümündən sonra “Vətən Uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.