Şəhər və rayon Ağsaqqallar Şuralarının üzvləri Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar ölkəmizin bütün bölgələrində keçirilmiş silsilə tədbirlərdə yaxından iştirak ediblər.
Yubiley tədbirlərində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin şəhər və rayonların mərkəzlərində ucaldılmış abidələri ziyarət edilib, önünə gül dəstələri düzülərək xatirəsi ehtiramla yad olunub.
Ağsaqqallar, həmçinin, digər yerli təşkilatların nümayəndələri ilə birgə Heydər Əliyev mərkəzlərində olublar, Ulu Öndərin həyat və fəaliyyətinin əks etdirildiyi fotolarla və eksponatlarla tanış olublar. Sonra Azərbaycan Ağsaqqallar Şurasının yerli təşkilatlarında, habelə icra hakimiyyətlərində, YAP-ın yerli təşkilatlarında, idarə və təhsil müəssisələrdə, həmçinin açıq səma altında digər qurumlarla birgə tədbirlər keçirilib. Bu tədbirlərdə çıxış edən şəhər və rayon Ağsaqqallar Şuralarının üzvləri Ümummilli Lider Heydər Əliyevin zəngin irsindən, xalqımız və dövlətimiz qarşısındakı yüksək xidmətlərindən söz açıblar. Bildiriblər ki, Ulu Öndər Heydər Əliyev xalqın təkidi ilə yenidən hakimiyyətə gəldiyi dövr Azərbaycanın ən ağır, ən faciəli dövrü idi və ölkəmizi ancaq Ümummilli Liderin dahiliyi fəlakətlərdən xilas edə bilərdi. Belə də oldu – böyük şəxsiyyət Heydər Əliyev Azərbaycanı xilas etdi və yeni mərhələdə onun inkişafına, yüksəlişinə nail oldu. Ağsaqqallar, həmçinin, vurğulayıblar ki, biz Ulu Öndər Heydər Əliyevin müasirləri olaraq, dahi şəxsiyyətin Azərbaycanımızı dərin böhrandan, parçalanmaqdan, ən nəhayət, müstəqilliyimizi itirmək təhlükəsindən necə böyük fədakarlıqla xilas etdiyini öz gözlərimizlə görmüşük. Ona görə də biz bu misilsiz xidmətləri daim təbliğ etməli, xüsusilə də böyüməkdə olan gənc nəslə olduğu kimi çatdırmalıyıq ki, həqiqətən də Ulu Öndər Heydər Əliyev ölkəmizin xilaskarı və müasir Azərbaycanın memarıdır.
Tədbirlərdə Ümummilli Lider Heydər Əliyevə həsr edilmiş videoçarxların, kompozisiyaların nümayişi və sərgilənən rəsm əsərləri iştirakçılar tərəfindən maraqla qarşılanıb.



















