Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasının yerli təşkilatlarında hesabat konfranslarının keçirilməsi davam edir

Azərbaycan Ağsaqqallar Şurasının şəhər və rayon təşkilatlarının son dövrdəki fəaliyyətləri ilə bağlı hesabat konfranslarının keçirilməsi davam edir.

Növbəti konfranslar may ayının 16-da və 17-də Daşkəsən, Samux və Göygöl rayonlarında təşkil olunub.

Toplantılarda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, təşkilatın qərb regionu üzrə kuratoru Bayram Yusifov, Daşkəsən  Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov, Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev, ağsaqqallar, ziyalılar, şəhid valideynləri, qazilər və ictimaiyyətin digər nümayəndələri iştirak ediblər.

Konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla anıblar.

Tədbirlərdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra torpaqlarımızın azadlığı uğrunda canını fəda edən şəhidlərimizin və hesabat dövründə dünyasını dəyişmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfranslarda  çıxış edən rayon icra hakimiyyətlərinin başçıları Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovu və tədbir iştirakçılarını salamlayaraq ağsaqqalların cəmiyyətdəki əhəmiyyətli rolundan bəhs ediblər. Ulu Öndər Heydər Əliyev tərəfindən “milli-mənəvi dəyərlərimizin qızıl fondu” adlandırılan ağsaqqalların şəhər və rayonlarımızın ictimai-mədəni həyatında yaxından iştirak etdiklərini, Vətənimizin inkişafı naminə öz bilik və bacarıqlarını əsirgəmədiklərini bildiriblər. Vurğulayıblar ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva ağsaqqallara daim yüksək diqqət və qayğı ilə yanaşır.

Sonra Daşkəsən Rayon Ağsaqqallar Şurasının sədri Cavanşir Qocayevin, Samux  Rayon Ağsaqqallar Şurasının sədri Gəray Bayramovun və Göygöl Rayon Ağsaqqallar Şurasının sədri Dilqəm Dilənovun hesabat dövrü ərzində təşkilatların fəaliyyətləri barədə məruzələri dinlənilib. Bildirilib ki, fəaliyyətlərini müvafiq olaraq 2023 və 2024-cü illər üçün nəzərdə tutulmuş İş planları əsasında quran yerli təşkilatlar rayonlarda keçirilən bir çox tədbirlərdə iştirak və çıxışlar ediblər, şəhid ailələri və qazilərlə görüşlər keçiriblər, onlara mənəvi və maddi dəstək olublar, habelə gənclərlə aktual mövzularda maarifləndirici işlər apararaq, onların dövlətə, xalqa sədaqət və vətənpərvərlik ruhunda yetişmələri üçün əllərindən gələni əsirgəməyiblər. Sədrlər, həmçinin, vurğulayıblar ki, 2023-cü il – “Heydər Əliyev İli”ndə rayon ağsaqqalları Ümummilli Liderimizin anadan olmasının 100 illiyinə həsr olunmuş aksiyalarda, layihələrdə, tədbirlərdə yaxından iştirak ediblər, Ulu Öndərin  zəngin irsinin təbliğ olunması ilə bağlı fəaliyyətlərini daha da artırıblar. 7 fevral 2024-cü il növbədənkənar prezident seçkilərində əsl mütəşəkkillik nümayiş etdirən ağsaqqallar təbliğat və təşviqat kampaniyasında, o cümlədən səsvermə prosesində fəal iştirak edərək qalib Azərbaycan xalqının qalib Lideri cənab İlham Əliyevi yüksək səviyyədə dəstəkləyiblər. Natiqlər məruzələrinin sonunda üzərlərinə düşən vəzifələri bundan sonra da layiqincə yerinə yetirməyə çalışacaqlarını vurğulayıblar.

Konfranslarda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və İdarə Heyətinin üzvlərinin salamlarını tədbir iştirakçılarına çatdırıb və hesabat dövrü ərzində görülən işləri, ümumilikdə, qənaətbəxş hesab etsə də, öz irad və təkliflərini bildirib. Vurğulayıb ki, Azərbaycanda tarix boyu böyük nüfuz sahibi olan ağsaqqallarımızdan cəmiyyətimiz daha təsirli və səmərəli fəaliyyət gözləyir. Unutmamalıyıq ki,  ağsaqqallar insanlığa xas olan bütün müsbət keyfiyyətləri özündə cəmləyən nüfuzlu şəxsiyyətlərdir. Bu insanların həyat təcrübəsindən, bilik və bacarığından dövlətimizin, dövlətçiliyimizin inkişafı, gənclərimizin hərtərəfli və əsaslı şəkildə maarifləndirilməsi üçün maksumum istifadə olunmalıdır. Bayram Yusifov rayon sədrlərini, üzvləri, ağsaqqalları daha fəal olmağa çağıraraq vurğulayıb ki, bu gün cəmiyyətimizdə, təəssüflər olsun ki, boşanmaların sayı gündən-günə çoxalır, bəzi bölgələrdə hələ də erkən nikahlar bağlanır, gənclərimizdə zərərli vərdişlərə, narkomaniyaya, siqaretə aludəçilik problemləri artır. Bütün bu və digər mənfi hallara qarşı cəmiyyətimiz birlikdə mübarizə aparmalıdır və biz ağsaqqallar hər zaman öndə olmalıyıq. O, xüsusilə təhsil müəssisələrində tədbirlərin sayının və effektinin yüksəldilməsini zəruri hesab edərək bildirib ki, ağsaqqallarımız gənclərimzdən öz öyüd və nəsihətlərini, məsləhətlərini heç zaman əsirgəməməli, maarifləndirici işlərini davamlı surətdə həyata keçirməlidirlər.

Sonra Bayram Yusifov Azərbaycanın yaxın tarixini tədbir iştirakçılarına xatırladaraq, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətdə olmadığı illərdə ölkəmizin hansı böyük problemlərlə üz-üzə qaldığını yada salıb. “Şükürlər olsun ki, xalqımızın təkidli istəyi və  o cümlədən sıralarında bir çox ağsaqqalın yer aldığı “91-lər”in xahişi ilə  hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycanı sözün əsl mənasında məhv olmaq təhlükəsindən xilas etdi. Dahi şəxsiyyət, fenomen lider Heydər Əliyev əsl ağsaqqallıq missiyasını həyata keçirərək bir daha sübut etdi ki, ağsaqqal yerində olanda hər şey gözəl olur.” Natiq bu gün həmin şərəfli missiyanın Azərbaycan Respublikasının Prezidenti, xalqımızın dəmir iradəsini dəmir yumruğa çevirən Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilyini bildirərək, dövlət başçısının imza atdığı uğurlardan söz açıb. Bildirb ki, hazırda Azərbaycan və Azərbaycanın alternativsiz lideri, möhtərəm Prezidentimiz cənab İlham Əliyev beynəlxalq aləmdə və Türk dünyasında, o cümlədən Türk Dövlətləri Təşkilatında əhəmiyyətli mövqeyə və yüksək nüfuza  malikdir. O, həmçinin, dünya səviyyəli dövlət başçılarının Azərbaycana olan maraqlarından,  mütəmadi işgüzar və səmərəli səfərlərindən, ölkə başçısı cənab İlham Əliyevin nümayiş etdirdiyi güclü siyasi iradənin və yüksək nüfuzun sübutu olaraq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) respublikamızda keçirilməsinin əhəmiyyətindən ətraflı bəhs edib. Bayram Yusifov bir daha üzünü tədbir iştirakçılarına tutaraq vurğulayıb ki, biz qalib xalq olaraq qürurverici tarixi bir dövr yaşayırıq. Bu gün hamımız bizə bu möhtəşəm tarixi yaşadan qalib Liderimizin, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında daha sıx birləşməli və uğurlarımızın davamlı olmağı üçün əlimizdən gələni əsirgəməmliyik.

Natiq çıxışının sonunda Daşkəsən Rayon Ağsaqqallar Şurasının sədri Cavanşir Qocayevi və onun simasında yüksək fəaliyyətləri “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə qiymətləndirilən bütün ağsaqqalları bu ali mükafatla təltif olunmaları münasibətilə təbrik edib və onlara gələcək işlərində uğurlar arzulayıb.

Konfranslarda çıxış edən digər natiqlər də Azərbaycan Ağsaqqallar Şurasının  yerli təşkilatları tərəfindən görülən işlərdən və qarşıda duran vəzifələrdən söz açıblar. Bildiriblər ki, həqiqətən də, cəmiyyətimizdə yüksək nüfuza malik olan ağsaqqallarımızın bilik və təcrübəsindən hərtərəfli və səmərəli şəkildə istifadə olunmalıdır. Əmin olduqlarını bildiriblər ki, yerli təşkilatlar gələcəkdə öz fəaliyyətlərini daha geniş və effektiv olaraq həyata keçirəcəklər.

Daşkəsən rayonunda keçirilən hesabat konfransında bəzi təşkilati məsələlərə də baxılıb. Dünyasını dəyişən və xəstəlikləri səbəbindən fəaliyyətlərini davam etdirə bilməyən İdarə Heyətinin və Təftiş Komissiyasının üzvlərinin yerinə səsvermə yolu ilə yeni üzvlər seçilib. Tədbirdə, həmçinin, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup ağsaqqal və yerli sakinlər İcra Hakimiyyətinin Fəxri fərmanları ilə təltif olunublar. Konfransdan sonra Bayram Yusifov Daşkəsən Rayon Ağsaqqallar Şurasının iş otağındakı şəraitlə tanış olub və öz tövsiyələrini verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.