İyun ayının 25-də Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, millət vəkili, akademik, müdrik ağsaqqal və dəyərli ziyalı Ziyad Səmədzadənin 84 yaşı tamam olur.
Azərbaycan xalqı Ziyad Səmədzadəni yüksək intellekti, təşkilatçılıq və idarəetmə qabiliyyəti ilə seçilən nüfuzlu şəxsiyyət, görkəmli ictimai-siyasi xadim və istedadlı alim kimi tanıyır. Yüzlərlə əsərin, çoxsaylı monoqrafiyaların müəllifi olan akademikin apardığı dərin araşdırmalar Azərbaycan iqtisadiyyatının inkişafında müstəsna rol oynamışdır. İqtisadçı elmi kadrların hazırlanması sahəsində də böyük xidmətləri olan Ziyad Səmədzadə Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri kimi respublikamızda iqtisadi qanunvericilik bazasının möhkəmləndirilməsində, ölkənin iqtisadi inkişaf strategiyasının reallaşması məsələlərinin həllində fəal iştirak etmişdir.
Onuncu, on birinci və on ikinci çağırış Azərbaycan Respublikası Ali Sovetinin, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olan Ziyad Səmədzadənin dəyərli bir ziyalı kimi elmi fəaliyyəti ilə yanaşı, ictimai-siyasi fəaliyyəti də yüksək qiymətə layiqdir. O, ölkəmizin tarixi və məsuliyyətli günlərində əsl vətəndaşlıq mövqeyi nümayiş etdirərək dövlətçiliyimizin qorunması və inkişaf etdirilməsi sahəsində xalqımıza dəyərli xidmətlər göstərmişdir. Ziyad Səmədzadənin gördüyü işlər dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş, o, «Şöhrət», «Şərəf» və 1-ci dərəcəli «Vətənə xidmətə görə» ordenləri və bir çox digər ali mükafatlarla təltif edilmişdir.
Ulu Öndər Heydər Əliyevin müdrik siyasətini böyük əzmkarlıq və uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin daxili və xarici siyasətini hər zaman qətiyyətlə dəstəkləyən Ziyad müəllim Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü olaraq təşkilatın fəaliyyətində yaxından iştirak edir, dinamik inkişaf edən ölkəmizin daha xoşbəxt gələcəyi naminə bilik və bacarığını əsirgəmir.
Xalqımızın böyük alimi və ictimai-siyasi xadimi Ziyad Səmədzadəni Ad Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, ona uca Allahdan möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik, Azərbaycanımızın inkişafı və yüksəlişi naminə gödüyü bütün işlərdə yeni-yeni uğurlar diləyirik!
Dərin hörmətlə,
Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin
üzvləri adından Şuranın sədri, millət vəkili, professor Eldar QULİYEV