Xəbərlər, Təbriklər

ELDAR QULİYEV – 73

İyul ayının 26-da Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı – “Azərittifaq”ın sədri, Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Eldar Quliyevin 73 yaşı tamam olur.

Fəaliyyəti boyunca respublikamızın ictimai-siyasi və sosial-iqtisadi həyatında yaxından iştirak edən Eldar Quliyev daim milli və dövlət maraqlarını üstün tutaraq xalqa və Ulu Öndər Heydər Əliyevin siyasi kursuna sadiqlik nümayiş etdirmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizin gələcək tərəqqisinə, iqtisadi yüksəlişinə istiqamətlənmiş uğurlu siyasətini dəstəkləmişdir. Hələ gənc yaşlarından çalışqanlığı, qayğıkeşliyi, mərdliyi, qətiyyətli və yenilikçi olması ilə fərqlənən, Respublika Ticarət Nazirliyi sistemində və Azərbaycan Mərkəzi Kooperativlər İttifaqında bir sır məsul vəzifələrdə çalışan, Kooperativlər İttifaqında idarə rəisi və İdarə Heyətinin sədr müavini kimi fəaliyyətini davam etdirən, daha sonra İdarə Heyətinin sədri vəzifəsinə seçilərək bu günə kimi ictimai əsaslarla həmin təşkilata uğurla rəhbərlik edən Eldar Quliyev hər zaman yüksək işgüzarlığı və idarəçilik qabiliyyəti ilə seçilmiş, xalqımıza, dövlətimizə böyük xidmətlər göstərmişdir.
Zəngin elmi fəaliyyəti Azərbaycanla yanaşı, respublikamızın hüdudlarından kənarda da yüksək dəyərləndirilən iqtisad elmləri doktoru, professor Eldar Quliyev iqtisadiyyat elminə verdiyi töhfələrə görə bir sıra xarici ölkələrin Elmlər Akademiyalarının həqiqi üzvü və fəxri doktoru seçilmiş, ali elmi müəssisələrin orden və medalları ilə təltif edilmiş, elmi əsərləri Azərbaycanda və Avropada nəşr olunmuşdur. Almaniyada çap olunmuş “Qlobal ərzaq təhlükəsizliyi: reallıqlar, çağırışlar və perspektivlər” adlı kitabının BMT-nin İsveçrədə yerləşən mərkəzi kitabxanasının fonduna qəbul edilməsi onun əsərlərinin yüksək elmi səviyyəsindən xəbər verir.
Fəaliyyəti dövründə əsas amalı xalqımızın rifahına və dövlətçiliyimizin inkişafına dəyərli töhfələr vermək olan Eldar müəllim seçicilərin böyük etimadı ilə II – VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmiş və ona göstərilən etimadı layiqincə doğrultmuşdur. Hər zaman seçicilərinə həssaslıqla yanaşmış, onları narahat edən məsələləri şəxsən və dövlət qurumları ilə birgə həll etmiş, vətəndaşların müraciətlərini daim diqqət mərkəzində saxlamışdır. Parlamentdə bir sıra komitələrin, işçi qruplarının fəaliyyətində yaxından iştirak edən Eldar Quliyev Milli Məclisin Hesablayıcı Komissiyasının sədri və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri olaraq üzərinə düşən vəzifələri yüksək səviyyədə həyata keçirmişdir.
Həyat və fəaliyyəti gənclərimiz üçün bir örnək olan Eldar Quliyev bu gün Azərbaycan Ağsaqqallar Şurasının sədri kimi Vətənimizin tərəqqisi naminə var qüvvəsi ilə çalışır. Hər zaman öz səmərəli və təqdirəlayiq işləri ilə seçilən Azərbaycan Ağsaqqallar Şurası son illərdə Eldar Quliyevin rəhbərliyi ilə daha aktiv şəkildə fəaliyyət göstərməyə başlamışdır. Şuranın 77 şəhər və rayon təşkilatında birləşən onminlərlə üzvü ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və humanitar inkişafına, cəmiyyət həyatının müxtəlif məsələlərinin həllinə dəyərli töhfələr vermək, yeniyetmə və gəncləri Vətənə, xalqa, dövlətə məhəbbət, milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək və maarifləndirmək üçün üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər. Hazırda ölkəmizin ictimai-siyasi və mədəni həyatında yaxından iştirak edərək öz fəaliyyətini bir çox istiqamətlərdə quran Azərbaycan Ağsaqqallar Şurası millət vəkili, professor Eldar Quliyevin başçılığı ilə öz məhsuldar fəaliyyətini beynəlxalq səviyyədə, xüsusilə Türk Dövlətləri Təşkilatı çərçivəsində də uğurla davam etdirir.
Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin səmərəli ictimai-siyasi fəaliyyəti “Şöhrət”, “Şərəf” ordenləri və bir çox digər ali təltiflərlə dəyərləndirilmişdir. Lakin Eldar müəllim üçün ən böyük mükafat Azərbaycan xalqının və dövlətinin ona olan böyük etimadı, hörmət və rəğbətidir.
Bu xoş fürsətdən istifadə edərək Azərbaycan Ağsaqqallar Şurasının sədri Eldar Quliyevi – Vətənə, dövlətə, xalqa sarsılmaz sədaqəti ilə insanların sevgisini qazanan nüfuzlu millət vəkilini, öz şəxsiyyətində zəngin mənəvi dəyərləri birləşdirən müdrik ağsaqqalı, görkəmli elm xadimini və vətənpərvər ziyalını şərəf və vicdanla yaşadığı ömrünün 73-cü ildönümü münasibətilə ürəkdən təbrik edir, ona bu dünyanın ən gözəl neməti olan möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və çoxşaxəli fəaliyyətində davamlı uğurlar arzulayırıq!

Azərbaycan Ağsaqqallar Şurasının
çoxsaylı üzvləri adından Şuranın İdarə Heyəti

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.