Xəbərlər

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı ağsaqqallarla görüşüb

08 avqust 2024-cü il tarixində Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Tarix-Diyarşünaslıq muzeyinin akt zalında rayon ağsaqqalları ilə görüşüb. Görüşdə icra başçısının müavini və aparatın şöbə müdirləri də iştirak ediblər.

Rayon rəhbəri ağsaqqallarla, ictimaiyyət arasında nüfuz və hörmətə malik insanlarla görüşməyin çox xoş olduğunu bildirərək qeyd edib ki, onlarla fikir mübadiləsi etmək, məsləhət və təkliflərini öyrənmək ümumi işə ancaq müsbət təsir göstərə bilər. Əziz Əzizov, həmçinin, vurğulayıb ki, dövlət müstəqilliyimizin möhkəmləndirilməsində, vətənimizin davamlı inkişafında, ictimai-siyasi sabitliyin qorunub saxlanılmasında, elm, təhsil və mədəniyyətimizin inkişafında, gənc nəslin yetişməsi və formalaşmasında ağsaqqalların müstəsna xidmətləri var. Görülən və görüləcək işlər barədə danışan rayon icra hakimiyyətinin başçısı onu da bildirib ki, bütün yaxşı işlər bundan sonra da davam etdiriləcək.
Tədbirdə çıxış edən Beyləqan Rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanov ağsaqqalların cəmiyyətin inkişafındakı mövqeyindən bəhs edib, rayon ağsaqqallarının adından ziyalılara, ağsaqqallara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.
Görüşdə çıxış edən İfrat Məhərrəmov, Rafiq Şirinov, Ələmşah Məmmədquliyev və rayonun digər ağsaqqalları Beyləqanın inkişafına hərtərəfli köməklik göstərən ölkə Prezidenti cənab İlham Əliyevə təşəkkür ediblər, dövlət başçısının qarşıya qoyduğu vəzifə və tapşırıqları yerinə yetirmək işində rayon rəhbərinə uğurlar arzulayıblar. Tədbirdə yaşlı nəslin nümayəndələri əldə edilən uğurlarla yanaşı, mövcud problemlərdən də bəhs edib və təkliflər səsləndiriblər.
Görüş iştirakçıları, həmçinin, onların məsləhət və tövsiyələrini dinlədiyi üçün Beyləqan Rayon İcra Hakimiyyətinin başçısına minnətdarlıqlarını ifadə ediblər.
Sonra görüş nahar süfrəsi arxasında davam etdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.