Avqust ayının 12-də Gədəbəy Rayon Ağsaqqallar Şurasının sədri, vətənpərvər ziyalı, müdrik ağsaqqal Kərəm Məmmədovun 75 yaşı tamam olur.
Sadəliyi, təvazökarlığı, dürüstlüyü və nikbinliyi ilə çoxları üçün örnək sayıla bilən Kərəm Məmmədov gənc yaşlarından sadə zəhmətdən başlayan uzunmüddətli səmərəli fəaliyyəti və işgüzarlığı ilə seçilərək Vətənimizin gözəl guşəsi olan Gədəbəydə söz və nüfuz sahibi olmuşdur. Pedaqoji sahədə bir sıra məsul vəzifələrdə xalqımızın və dövlətimizin tərəqqisi naminə uğurla çalışaraq, fəaliyyəti boyunca gənc nəslin inkişafına mühüm töhfələr vermiş, peşəkar pedaqoq kimi yüzlərlə şagirdin ali təhsil almasında, nümunəvi vətəndaşlar olaraq həyata vəsiqə qazanmalarında əvəzsiz xidmətlər göstərmişdir. Kərəm müəllim həm də cəmiyyətimizə mənəvi cəhətdən zəngin, yüksək intellektli dəyərli övladlar bəxş edən qayğıkeş ata, fədakar valideyndir. O, rayonunun yerli özünüidarəetmə orqanı olan bələdiyyə sistemində də uğurla fəaliyyət göstərir.
Kərəm Məmmədov hazırda Gədəbəy Rayon Ağsaqqallar Şurasının sədri olaraq müdrik ağsaqqal, dəyərli bir ziyalı kimi Azərbaycanımızın inkişafı naminə var qüvvəsi ilə çalışır, gənclərimizin maarifləndirilməsi, onların milli-mənəvi dəyərlərimizə hörmət və vətənpərvərlik ruhunda yetişdirilməsi üçün əlindən gələni əsirgəmir.
Xalqımıza və dövlətimizə dəyərli xidmətlər göstərən alicənab şəxsiyyət, müdrik ağsaqqal, gözəl insan Kərəm Məmmədovu 75 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona uca Allahdan uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik və gələcək fəaliyyətində uğurlar arzulayırıq!
Dərin hörmətlə,
Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin
üzvləri adından Şuranın sədri,
millət vəkili, professor Eldar QULİYEV