Xəbərlər

Bilgəh, Maştağa və Zabrat sakinləri Azərbaycan Ağsaqqallar Şurasının sədri, professor Eldar Quliyevə səs verəcəklər

VII çağırış Milli Məclisə keçiriləcək seçkilərdə deputatlığa namizəd Azərbaycan Ağsaqqallar Şurasının sədri, professor Eldar Quliyev 28 saylı Sabunçu üçüncü seçki dairəsindən Bilgəh, Maştağa və Zabrat qəsəbələrinin sakinləri ilə növbəti görüşünü keçirib.

Seçkilərin təbliğat kampaniyası çərçivəsində baş tutan görüş Maştağa qəsəbəsindəki parkda keçirilib.
Görüşdən öncə parkda ucaldılan Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə tər çiçəklər düzülüb.
Azərbaycan Ağsaqqallar Şurasının sədri, professor, deputatlığa namizəd Eldar Quliyev çıxış edərək seçki platformasından danışıb.
O qeyd edib ki, bu gün Azərbaycan öz tarixinin ən qüdrətli dövrünü yaşayır. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu müasir Azərbaycan bu gün regional və qlobal miqyasda söz sahibinə çevrilib. Azərbaycanın iştirakı olmadan regionda heç bir layihə reallaşa bilmir. Ümummilli Lider Heydər Əliyev strategiyasının ən layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz dünyada söz sahibidir. Bakı artıq mötəbər tədbirlərin məkanı kimi xarakterizə edilir. Bu ilin noyabrında Bakıda keçiriləcək COP29 beynəlxalq tədbiri Azərbaycana, möhtərəm Prezidentimiz cənab İlham Əliyevə göstərilən növbəti etimadın və yüksək hörmətin bariz nümunəsidir.
Eldar Quliyev 2020-ci ilin 44 günlük Vətən Müharibəsi və 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən bir günlük antiterror tədbirlərinin nəticəsi olaraq Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam təmin etdiyini, bütün sərhədlərimizdə şanlı üçrəngli bayrağımızın qürurla dalğalandığını vurğulayıb. Artıq Böyük Qayıdış konsepsiyasına uyğun olaraq Qarabağ və Şərqi Zəngəzurda nəhəng layihələr icra edilir, 30 ilə yaxın Ermənistanın işğalı, ərazilərdə erməni vandalları tərəfindən həyata keçirilən barbarlığın izləri silinir, bu torpaqların əsl sahiblərinin geri dönərək əbədi, xoşbəxt, təhlükəsiz şəraitdə yaşayışını təmin edəcək işlər icra edilir. Qısa zaman kəsiyində güclü Azərbaycan dövləti tərəfindən Füzuli və Zəngilanda beynəlxalq standartalara cavab verən hava limanı inşa edilib. Laçında isə hava limanının inşası yekunlaşmaq üzrədir. Eyni zamanda çəkilən yollar, tunellər Qarabağ və Şərqi Zəngəzurun Azərbaycanın bütövlükdə iqtisadi coğrafiyası ilə bağlarının bərpasına xidmət edən mühüm amillərdir. Ağıllı şəhər, ağıllı kənd konsepsiyasına uyğun olaraq “yaşıl enerji” layihələri çərçivəsində azad edilmiş ərazilərimizdə genişmiqyaslı işlər görülür. Tarixi Şuşa şəhəri Türk Dövlətləri Təşkilatının və digər qurumların keçirdiyi mötəbər tədbirlərin ev sahibi kimi özünün nüfuzunu bir daha bərpa etmiş olub.
Eldar Quliyev Azərbaycan dövlətinin sülh tərəfdarı olduğunu, Ermənistanın 30 illik işğalına, azərbaycanlılara qarşı soyqırım və etnik təmizləmə siyasətinə baxmayaraq, yeni səhifə açmağa hazır olduğunu bəyan edən tərəf olduğunu bildirib. Azərbaycan Naxçıvanla ölkəmizin qərb regionları, türk dünyasını və qlobal miqyasda Orta Dəhliz layihəsinin bir hissəsi olan Zəngəzur dəhlizinin açılması kontekstində sülh, əməkdaşlıq, iqtisadi canlanmaya yol açacaq mövqeyində qətiyyətlidir. Seçicilərlə görüşdə artıq torpaqlarımızın işğalından deyil, onun bərpasından danışırıq deyən deputatlığa namizəd bu gün ölkəmizin hər yerində olan inkişafın Bakı kəndlərində də müşahidə edildiyini bildirib. Həyata keçirilən davamlı sosial-iqtisadi layihələr ölkəmizin ümumi mənzərisini dəyişib. Bakı kəndlərinin də həyatında böyük dəyişikliklər, inkişaf var. Bu xüsusda Bilgəh, Maştağa və Zabrat qəsəbələrinin sakinlərinin sosial-rifah halına xidmət edəcək layihələrin bundan sonra da davamlı olaraq həlli istiqamətində çalışacağını söyləyən professor Eldar Quliyev seçiciləri ilə hər zaman olduğu kimi yenə də sıx təmasda olacağını, onların qarşılaşdıqları problemlərə, qaldırdıqları məsələlərə hər zaman adekvat yanaşılacağını vurğulayıb.
Maştağadakı mərkəzi parkda seçicilərlə səmimi söhbət aparan Azərbaycan Ağsaqqallar Şurasının sədri, professor Eldar Quliyev bir sıra təklif və problemləri dinləyib, onların həlli istiqamətində atılacaq addımlardan bəhs edib.

Bilgəh, Maştağa, Zabratdan olan seçicilər hər zaman qaldırdıqları məsələlərə dərhal reaksiya verdiyinə, onların problemlərini həlli etdiyinə, bir çox məqamlarda yanlarında olduğuna görə Azərbaycan Ağsaqqallar Şurasının sədri ,professor Eldar Quliyevə təşəkkürlərini çatdırıblar. Seçicilər əmin ediblər ki, 1 sentyabr 2024-cü il tarixində keçiriləcək parlament seçkilərində növbəti dəfə Eldar Quliyevə etimad göstərəcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.