Azərbaycan Ağsaqqallar Şurasına və ölkəmizin elmi-pedaqoji ictimaiyyətinə ağır itki üz vermişdir. Mingəçevir Şəhər Ağsaqqallar Şurasının sədri, Mingəçevir Dövlət Universitetinin keçmiş rektoru, nüfuzlu alim, müdrik ağsaqqal Akif Novruz oğlu Hacıyev 87 yaşında vəfat etmişdir.
Pedaqoji sahədə bir sıra məsul vəzifələrdə xalqımızın və dövlətimizin tərəqqisi naminə uğurla çalışan Akif Hacıyev minlərlə tələbənin yüksək təhsil almasında, bilik və bacarıqlara yiyələnməsində, cəmiyyətdə nümunəvi vətəndaşlar olaraq formalaşmasında böyük rol oynamışdır. Səmərəli fəaliyyəti Azərbaycanla yanaşı, ölkəmizdən kənarda da yüksək dəyərləndirilmişdir. Türk Dünyası Araşdırmaları Millətlətarası Elmlər Akademiyasının Fəxri Professoru və Avropa Beynəlxalq Elmlər Akademiyasına həqiqi üzv seçilmişdir. Türk dünyası elminə və təhsilinə üstün xidmətlərinə görə qızıl medalla təltif edilmişdir.
Mingəçevir Şəhər Ağsaqqallar Şurasının sədri olaraq ölkəmizin ictimai-mədəni həyatında yaxından iştirak edən Akif Hacıyev müdrik ziyalı, nüfuzlu alim və alicənab şəxsiyyət kimi öz şərəfli ağsaqqallıq missiyasını uğurla həyata keçirməklə Azərbaycan dövlətçiliyinin tərəqqisinə, cəmiyyətimizin, xüsusilə də gənc nəslin maarifləndirilməsinə, onların vətənpərvərlik və milli adət-ənənələrə, azərbaycançılıq məfkurəsinə bağlılıq ruhunda tərbiyəsi işinə dəyərli töhfələr vermişdir.
Bu ağır itki ilə əlaqədar dərindən kədərləndiyimizi bildirir, Azərbaycan ictimaiyyətinə, Hacıyevlər ailəsinə və mərhumun bütün yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyirik. Müdrik ağsaqqal, dəyərli ziyalı Akif Hacıyevin əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.
Allah rəhmət eləsin!
Dərin hüznlə,
Azərbaycan Ağsaqqallar Şurasının İdarə
Heyətinin üzvləri adından Şuranın sədri,
millət vəkili, professor Eldar QULİYEV