Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurası Aparatının əməkdaşları Yasamal Rayon Ağsaqqallar Şurasının sədri Cavanşir Qurbanovu evində ziyarət ediblər

Azərbaycan Ağsaqqallar  Şurası Aparatının əməkdaşları Yasamal Rayon Ağsaqqallar Şurasının sədri Cavanşir Qurbanovu evində ziyarət ediblər, onun müalicəsi və qayğıları ilə maraqlanıblar.

Görüşdə Azərbaycan Ağsaqqallar  Şurasının Aparat rəhbəri Ramin Həsənli, təşkilatın məsul şəxsləri Rafiq Rzayev və Elşad Quliyev, eləcə də Yasamal Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri – Rayon Veteranları Təşkilatının sədri Vaqif Məmmədov və Məzahir Hüseynov iştirak ediblər.

Ramin Həsənli Azərbaycan Ağsaqqallar  Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin salamlarını və xoş arzularını çatdıraraq, bütün ağsaqqallar adından Cavanşir Qurbanovu ad günü – şərəfli ömrünün 77-ci ildönümü münasibətilə təbrik edib, uca Allahdan ona uzun ömür, möhkəm cansağlığı diləyib. Azərbaycan ağsaqqalının və ziyalısının ən gözəl xüsusiyyətlərini özündə cəmləşdirən Cavanşir müəllimin fəaliyyəti boyunca hər zaman dövlətimizə və xalqımıza yüksək fədakarlıqla xidmət göstərdiyini qeyd edərək onun rəhbərliyi altında bir çox tanınmış idmançıların və bədən tərbiyəsi sahəsi üzrə yüksək səviyyəli mütəxəssislərin yetişdiyini vurğulayıb. Bildirib ki, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, Azərbaycan Milli Güləş Federasiyasının Prezidenti, keçmiş SSRİ-nin idman ustası, ümumittifaq və beynəlxalq dərəcəli hakim, Azərbaycan Respublikasının Əməkdar məşqçisi olan Cavanşir Qurbanov müdrik bir ağsaqqal kimi də üzərinə düşən vəzifələri layiqincə yerinə yetirib. Yasamal Rayon Ağsaqqallar Şurasının sədri olaraq ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirakı və dəyərli xidmətləri ilə cəmiyyətimizin inkişafına, gənclərimizin sağlam həyat tərzi keçirməsinə, onların Vətənə məhəbbət, milli-mənəvi dəyərlərimizə, adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsinə və maariflənməsinə böyük töhfələr verib.

Cavanşir Qurbanov ona göstərilən həssas münasibətə, haqqında söylənən xoş sözlərə, diqqət və qayğıya görə başda Azərbaycan Ağsaqqallar  Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev olmaqla hər kəsə öz  təşəkkürünü bildirib, həyat və fəaliyyətindəki maraqlı məqamlara dair xatirələrini bölüşüb. Görüşdə, həmçinin,  cəmiyyətimizdəki müasir çağırışlarla bağlı ağsaqqalların üzərinə düşən vəzifələrdən söhbət açılıb, faydalı müzakirələr və fikir mübadiləsi aparılıb.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.