Təbriklər

ƏLİZADƏ NƏCƏFOV – 70

Dekabr ayının 11-də Ağcabədi Rayon Ağsaqqallar Şurasının sədri, Qarabağ müharibəsi veteranı, vətənpərvər ziyalı, dəyərli ağsaqqal Əlizadə Nəcəfovun 70 yaşı tamam olur.

Müdrik insana xas olan bütün müsbət keyfiyyətləri özündə birləşdirən Əlizadə Nəcəfov səmərəli fəaliyyəti, ədalətli mövqeyi, prinsipiallığı və xeyirxah işləri ilə onu tanıyan hər bir kəsin hörmətini qazanan, etimadını doğruldan alicənab bir şəxsiyyətdir. Uzunmüddətli səmərəli pedaqoji fəaliyyət göstərən və bu sahədə bir sıra məsul vəzifələrdə uğurla çalışan Əlizadə müəllim Azərbaycan xalqının və dövlətinin tərəqqisinə dəyərli töhfələr verib, yüzlərlə tələbənin elmin sirlərinə yiyələnməsində, nümunəvi vətəndaşlar olaraq həyata vəsiqə qazanma larında böyük xidmətləri olub. Tarix üzrə fəlsəfə doktoru olan Əlizadə Nəcəfov bu gün də elmi fəaliyyətini uğurla davam etdirir. O, 10-dan çox kitabın, beynəlxalq və yerli jurnal və qəzetlərdə çap olunan 150-yə yaxın məqalənin müəllifidir. Səmərəli fəaliyyətinə və göstərdiyi xidmətlərə görə Azərbaycan Respublik0sının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə mdalı”, Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin “Döş nişanı”, “Fədai”, “Vətən naminə” və “Vətənpərvərlik işində xidmətinə görə” medalları ilə təltif olunmuş, Azərbaycan Ağsaqqallar Şurasının, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, YAP Ağcabədi rayon təşkilatının, ADPU-nun Ağcabədi filialının və digər təşkilatların Fəxri fərmanlarına layiq görülmüşdür.
Ulu Öndər Heydər Əliyevin müdrik siyasətini qətiyyətlə davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin daha da inkişaf etdirdiyi Azərbaycanın çiçəklənməsi naminə Əlizadə Nəcəfov bu gün də yüksək əzmkarlıq nümayiş etdirir. Ağcabədi Rayon Ağsaqqallar Şurasının sədri olaraq müdrik ziyalı, nüfuzlu şəxsiyyət kimi ölkəmizin ictimai-mədəni həyatında yaxından iştirak edərək, öz şərəfli ağsaqqallıq missiyasını uğurla həyata keçirməklə dövlətimizin tərəqqisinə, cəmiyyətimizin, xüsusilə də gənc nəslin vətənpərvərlik və milli adət-ənənələrə, azərbaycançılıq məfkurəsinə bağlılıq ruhunda tərbiyəsi işinə qiymətli töhfələr verir.
Faydalı, mənalı və şərəfli ömür sürən alicənab ziyalı, dəyərli ağsaqqal Əlizadə Nəcəfovu 70 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik və gələcək işlərində uğurlar arzulayırıq!

Dərin hörmətlə,
Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin
üzvləri adından Şuranın sədri, millət vəkili,
professor                                                                                                         Eldar QULİYEV

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.