11 dekabr 2024-cü il tarixində Xətai Rayon Ağsaqqallar Şurasının və Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib. Tədbirin keçirilməsində əsas məqsəd Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının taleyində oynadığı misilsiz rolun, zəngin siyasi irsin və dərin mənəvi-əxlaqi dəyərlərin cəmiyyətimizə, xüsusilə də gənclərimizə daha çox aşılanması prosesinin inkişaf etdirilməsi olub.
Tədbirdə Xətai Rayon Ağsaqqallar Şurasının sabiq sədri, şəhid atası, professor İzzət Rüstəmov, Xətai Rayon Ağsaqqallar Şurasının və İctimai Şuranın sədri, şəhid atası Mürvət Əsgərov, millət vəkili Pərvanə Əliyeva, Azərbaycan Ağsaqqallar Şurasının baş məsləhətçi-hüquqşünası Kamal Əliyev, Azərbaycan Respublikası Şəhid Ailələrinə “Qayğı” cəmiyyətinin sədri Müşviq Əliyev, eləcə də şəhid ailələrinin üzvləri, rayon ağsaqqalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Mürvət Əsgərov, İzzət Rüstəmov, şəhid ailələrinin üzvləri və digər natiqlər Ümummilli Lider Heydər Əliyevin Vətənə və xalqa olan sonsuz sevgisi, müstəqil Azərbaycanın inkişafında göstərdiyi xidmətləri barədə çıxışlar ediblər. Vurğulayıblar ki, dahi şəxsiyyət, uzaqgörən lider Heydər Əliyev öz həyatını doğma xalqına həsr etmişdir. Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə xalqın dəstəyi ilə ölkəmizi inamla irəli aparmışdır. Hazırda Ulu Öndərin yolunu yüksək səviyyədə davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətənimiz gündən-günə inkişaf edir, böyük uğurlara imza atır.
Millət vəkili Pərvanə Əliyeva da çıxışında Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq görkəmli lider olduğunu vurğulayıb. O, Ümummilli Liderin Azərbaycanı inkişaf yoluna çıxararaq beynəlxalq aləmdə tanıdan bir dövlət xadimi kimi dəyərli xidmətlərini qeyd edib. Ulu Öndər Heydər Əliyevin hər bir vətəndaşın qəlbində dərin izlər buraxdığını, onun yaratdığı dövlətçilik prinsiplərinin bu gün də möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sayəsində xalqımızın rifahına xidmət etdiyini bildirib.
Tədbirin sonunda iştirakçılar xatirə şəkli çəkdiriblər.
Yüksək və müsbət ab-havada keçən tədbirdə iştirakçılar Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqına bəxş etdiyi dəyərləri bir daha xatırlamaq imkanı qazanıblar. Bu kimi tədbirlər Ulu Öndər Heydər Əliyevin ideallarını yaşatmaq və onun siyasi irsini gələcək nəsillərə çatdırmaq baxımından böyük əhəmiyyət daşıyır.











