Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən hər zaman elmimizə, mədəniyyətimizə, incəsənətimizə, eləcə də mənəvi dəyərlərimizin qorunub saxlanılmasına böyük qayğı göstərilir. Hazırda bu qayğı dövlətimizlə yanaşı, ayrı-ayrı təşkilatlar tərəfindən də yüksək səviyyədə davam etdirilir. Bu sahədə mütəmadi olaraq tədbirlər keçirən Gəncə Şəhər Ağsaqqallar Şurasının, Azərbaycan Dövlət Aqrar Universitetinin, həmçinin təhsil, mədəniyyət, gənclər və idman idarələrinin birgə təşkilatçılığı ilə kreativ, istedadlı gənclərin üzə çıxarılması, incəsənətə və idmana cəlb edilməsi, onların yaradıcılıq potensialının daha da inkişaf etdirilməsi məqsədilə “Bilik və mədəniyyət” mövzusunda keçirilən turnir yarışlarına yekun vurulmuşdur.
Tədbirdə öncə Dövlət Himni səsləndirilmişdir. Sonra Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Toplantıda çıxış edən Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov iştirakçıları salamladıqdan sonra Ümummilli Liderimiz Heydər Əliyevin təməlini qoyduğu gənclər siyasətinin hazırda möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi haqqında ətraflı söhbət açmışdır. Bildirmişdir ki, bu gün çoxşaxəli və səmərəli şəkildə həyata keçirilən gənclər siyasəti yeni inkişaf mərhələsinə qədəm qoyub. Natiq çıxışının sonunda dövlət başçısı cənab İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edərək, ən xoş arzularını çatdırmışdır.
Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri, professor Nurəddin Məmmədov öz çıxışında bu gün gənclərin dövlət qayğısı ilə əhatə olduğundan söhbət açmışdır. Bildirmişdir ki, gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, yaradılan maksimum şərait bu sahəyə diqqət və qayğının bariz nümunəsidir. O, Azərbaycan Ağsaqqallar Şurasının da əsas fəaliyyət istiqamətlərindən birinin gənclərlə iş olduğunu vurğulayaraq əlavə etmişdir ki, hər bir ölkə vətəndaşı, xüsusilə də ağsaqqallar gələcəyimiz olan gənclərin maarifləndirilməsində, onlara sağlam həyat tərzinin, milli-mənəvi dəyərlərimizin, vətənpərvərlik hisslərinin aşılanmasında yaxından iştirak etməlidir. Nurəddin Məmmədov da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi bütün ağsaqqallar və ziyalılar adından doğum günü münasibətilə təbrik edərək, səmimi ürək sözlərini dilə gətirmişdir.
Sonra turnirin qalibləri elan olunmuşdur. Gəncə Şəhər İdman liseyi 1-ci yeri, Gəncə Şəhər 11 saylı məktəb 2-ci yeri, Gəncə Şəhər 5 saylı Musiq məktəbi isə 3-cü yeri tutmuşdur. Qaliblər “Diplom”lara layiq görülmüşlər. Eyni zamanda fəal gənclərə “Təşəkkürnamə”lər təqdim olunmuşdur. Musiqi ansamblının müşayiəti ilə gənclərin ifasında səslənən nəğmələr və rəqs nümunələri iştirakçıların könlünü oxşamış, tədbirə yüksək ovqat bəxş etmişdir.







