Şəki Rayon Ağsaqqallar Şurasının təşəbbüsü ilə “Yaşıl dünya naminə həmrəylik ili”nə və milli birliyimizin simvolu olan, qarşıdan gələn “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü”nə həsr olunmuş tədbir keçirilib.
Şəki şəhər 21 saylı tam orta məktəbdə baş tutan tədbirdə Rayon Ağsaqqallar Şurasının sədri Vaqif Əhmədov, məktəbin direktoru Gülarə Nəbiyeva, ağsaqqallar, şəhid ailələrinin üzvləri, təhsil müəssisəsinin kollektivi, valideynlər və şagirdlər iştirak ediblər.
Tədbirdə əvvəlcə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra çıxış edən Şəki Rayon Ağsaqqallar Şurasının sədri Vaqif Əhmədov tədbir iştirakçılarını, eləcə də müəllim və şağirdləri qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni – 2025-ci il münasibətilə təbrik edib, hər kəsə möhkəm cansağlığı və uğurlar arzulayıb. Vurğulayıb ki, 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsini daşıyan Ümummilli Liderimiz Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabr ayının 31-ni “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” elan etmiş və həmin tarixdən etibarən bu əlamətdar gün bütün soydaşlarımız tərəfindən bayram kimi qeyd olunur. Bu tarix müxtəlif ölkələrdə yaşayan həmvətənlərimizin respublikamızla əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin və həmrəyliyin yaradılması prosesində mühüm rol oynayır. Vaqif Əhmədov, həmçinin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmuş 2024-cü ildə ölkəmizin bütün regionlarında olduğu kimi, Şəkidə də ağacəkmə aksiyalarının keçirildiyini və bu aksiyalarda rayon əhalisinin, o cümlədən ağsaqqalların, təhsil müəssisələrinin kollektivlərinin və şagirdlərin də yaxından iştirak etdiklərini bildirib. O, çıxışının sonunda bir daha hər bir kəsi qarşıdan gələn bayramlar münasibətilə təbrik edib və şagirdlərə uğurlu dərs ili arzulayıb.
Tədbirdə çıxış edən digər natiqlər də başa çatmaqda olan 2024-cü ildə ölkəmizdə, eləcə də Şəki rayonunda həyata keçirilən əhəmiyyətli işlərdən ətraflı söz açıblar.
Sonda Şəki Rayon Ağsaqqallar Şurasının sədri Vaqif Əhmədov 21 saylı tam orta məktəbin kollektivinin üzvlərinə və məktəbin direktoruna səmərəli pedaqoji fəaliyyətlərinə görə və şəhid Nəsib Kaşıyevin adına ucaldılmış bulaq kompleksinin bərpa və tikintisində xüsusi fəallıq göstərdikləri üçün minnətdarlığını bildirib. Təhsil müəssisəsinin rəhbəri Gülarə Nəbiyevanı Şəki Rayon Ağsaqqallar Şurasının Təşəkkürnaməsi ilə təltif edib.



