Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasının 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə təbriki

Azərbaycan Ağsaqqallar Şurası 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə soydaşlarımızı təbrik edib. Təbrikdə deyilir:

Əziz həmvətənlər!

Sizi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni 2025-ci il münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, ailə səadəti, əmin-amanlıq və işlərinizdə uğurlar arzulayırıq!

Tam suveren və müstəqil Azərbaycanın şanlı tarixinə növbəti bir inkişaf, sabitlik və nailiyyətlər ili yazılmaqdadır. Əlamətdar hadisələrlə zəngin olan 2024-cü il ərzində Ümummilli Liderimiz Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti, xalqımız qarşısındakı misilsiz xidmətləri, sarsılmaz qətiyyəti, qlobal səviyyəli səyləri nəticəsində ölkəmiz öz gücünü, qüdrətini və beynəlxalq nüfuzunu daha da artırmışdır. Möhtəşəm Zəfərimizdən sonra işğaldan azad edilmiş ərazilərimizin minalardan təmizlənməsi, şəhərlərin, kəndlərin yenidən tikilməsi, həmin bölgələrdə sosial-iqtisadi infrastrukturun yaradılması və əhalinin Böyük Qayıdış proqramına əsasən məskunlaşdırılması prosesinin yüksək səviyyədə davam etdirilməsi, xalqımızın böyük etimadı ilə cənab İlham Əliyevin prezident seçkilərində inamlı qələbəsi, VII çağırış Milli Məclisə növbədənkənar seçkilərin azad, şəffaf və demokratik şəraitdə keçirilməsi, hər iki seçkinin doğma Qarabağımız və Şərqi Zəngəzur da daxil olmaqla ölkəmizin bütün ərazisində baş tutması, Vətənimizin bir çox əhəmiyyətli tədbirlərə, o cümlədən nəinki respublikamızda, dünyada 2024-cü ilin ən mötəbər tədbirlərindən biri olan COP29-a uğurla evsahibliyi etməsi, eləcə də iqtisadi, sosial, mədəniyyət, idman və digər sahələrdə əldə edilmiş bütün nailiyyətlər tərəqqinin Azərbaycan modelinin bariz göstəriciləridir.

Dəyərli soydaşlar!

Demokratik, hüquqi və dünyəvi bir dövlət olan Azərbaycanın inkişafını və uğurlarını gözügötürməyən qüvvələrin ölkəmizə kənar müdaxilələri, ikili standartları, əsassız təzyiqləri, təəssüf ki, hələ də davam edir. Bu səbəbdən bütün dünya azərbaycanlıları həmrəyliyini daha da artırmalı, hamımız müqəddəs bir amal – qüdrətli Azərbaycan uğrunda möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin ətrafında daha sıx və sarsılmaz birləşməliyik. Biz əminik ki, dünya azərbaycanlılarının lideri cənab İlham Əliyevin rəhbərliyi ilə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində tarixi Zəfərimizin 5-ci ildönümü ilə əlamətdar olan 2025-ci ildə – “Konstitusiya və Suverenlik İli”ndə müstəqil, suveren, müasir Azərbaycan dövləti daha da inkişaf edəcək, xalqımız sabitlik, bolluq, rifah və əmin-amanlıq şəraitində inamlı inkişaf yolunu uğurla davam etdirəcək və parlaq qələbələrə imza atacaqdır.

Bir daha hər bir soydaşımızı, bütün dünya azərbaycanlılarını bu gözəl və əlamətdar bayramlar münasibətilə ürəkdən təbrik edir, Yeni ilin Vətənimizə, xalqımıza, hər bir ailəyə sevinc, firavanlıq, sülh və yeni-yeni nailiyyətlər gətirməsini diləyirik!

Bayramlarınız mübarək olsun!

 

 

 

Dərin hörmətlə,

Azərbaycan Ağsaqqallar Şurasının

çoxminli üzvləri adından Şuranın sədri,

millət vəkili, professor                                                                                                    Eldar QULİYEV

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.