Xəbərlər

Mingəçevirdə ağsaqqallarla Qərbi Azərbaycan İcmasının şəhər numayəndəliyinin üzvlərinin görüşü keçirilib

Mingəçevir Şəhər Ağsaqqallar Şurasının təşəbbüsü ilə ağsaqqalların Qərbi Azərbaycan İcmasının şəhər numayəndəliyinin üzvləri ilə görüşü keçirilib.

Görüşdə çıxış edən Mingəçevir Şəhər Ağsaqqallar Şurasının sədri Mustafa Muradov tədbir iştirakçılarını salamlayaraq, ölkəmizdə təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Azərbaycan Respublikasının Prezdenti cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilən uğurli daxili və xarici siyasətdən söhbət açıb. Vurğulayıb ki, bu siyasətin tərkib hissəsi olaraq həmvətənlərimizin öz tarixi ata-baba torpaqlarına, Qərbi Azərbaycana qayıdışı ilə bağlı hazırda ölkəmizdə davamlı, məqsədyönlü işlər aparılır və bu işlərdə ağsaqqallar, eləcə də gənclər aktiv iştirak edirlər. Mustafa Muradov, həmçinin, Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin rəhbərliyi ilə təşkilatın müxtəlif istiqamətlərdə həyata keçirdiyi səmərəli fəaliyyətdən danışıb. Şuranın sədr müavini, Qərbi Azərbaycan İcmasının Nəzarət-Təftiş Komissiyasının sədri, Azərbaycan Respublikasının Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzovun atası, görkəmli maarifçi və ziyalı, Qərbi Azərbaycanın müdrik ağsaqqalı Tapdıq Novruzovun həyat və fəaliyyətindən bəhs edən “Yaşanmış ömür” kitabının nəşr edildiyini vurğulayıb. Bildirib ki, bu kitab nüfuzlu bir şəxsiyyətdən, onun ömür yolundan bəhs etməklə yanaşı, Qərbi Azərbaycanın o dövr üçün sosial-iqtisadi mənzərəsini də dolğun şəkildə özündə əks etdirir.

Qərbi Azərbaycan İcmasının Mingəçevir şəhəri üzrə nümayəndəsi, filologiya üzrə fəlsəfə doktoru, Əməkdar müəllim Mayıl İsmayılov da görüşdə çıxış edərək İcmanın səmərəli fəaliyyətindən, ölkəmizdə Qərbi Azərbaycan qayıdışla əlaqədar aparılan alqışalayiq işlərdən, eləcə də bu işlərə dövlətimiz, xalqımız, həmçinin digər qurumlar tərəfindən göstərilən dəstəkdən söz açıb. Bu məsələdə aktiv fəaliyyəti ilə seçilən Azərbaycan Ağsaqqallar Şurasına öz minnətdarlığını bildirib. Natiq, həmçinin, Qərbi Azərbaycanın tanınmış ziyalısı və müdrik ağsaqqalı Tapdıq Novruzova həsr olunmuş “Yaşanmış ömür” kitabı ilə bağlı da fikirlərini bölüşüb.

Sonra digər natiqlər Qərbi Azərbaycana qayıdış və bu sahədə görülən işlər, eləcə də “Yaşanmış ömür” kitabı haqqında çıxışlar ediblər, gələcək planlar barədə səmərəli müzakirələr aparıblar. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasət kursunun vətəndaşlarımız arasında geniş təbliğ edilməsində, dövlət başçısının müvafiq fərman, sərəncam və göstərişlərindən irəli gələn vəzifələrin həyata keçirilməsində bundan sonra da yaxından iştirak edəcəklərini vurğulayıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.