Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib. Təbrikdə deyilir:
Əziz və dəyərli Azərbaycan qadınları!
Baharın təravəti və həyatın oyanışı ilə vəhdət təşkil edən 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Sizi Azərbaycan Ağsaqqallar Şurasının çoxsaylı üzvləri adından və öz adımdan ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, ailə səadəti və xoşbəxtlik arzulayıram!
Qadın – bəşəriyyətin əbədiyaşar dayağı, mənəviyyatın və ülvi duyğuların rəmzidir. Tariximiz boyunca Azərbaycan qadını yalnız bir ailənin deyil, bütöv bir xalqın, millətin şərəfini, ləyaqətini, milli-mənəvi dəyərlərini qoruyub yaşadan, onu gələcək nəsillərə ötürən bir qüvvə olmuşdur. Siz həyatın hər sahəsində fədakar əməyiniz, zəhmətiniz və əzmkarlığınızla cəmiyyətin inkişafına misilsiz töhfələr vermisiniz. Ana kimi övladlarımızın tərbiyəsində, müəllim kimi onların biliklərə yiyələnməsində, həkim kimi sağlam bir cəmiyyətin qurulmasında, siyasətçi, elm və incəsənət xadimi kimi ölkəmizin tərəqqisində və dünya miqyasında tanınmasında böyük rol oynamısınız. Bugünkü müstəqil Azərbaycan dövlətinin inkişafında, iqtisadi, mədəni və ictimai həyatında qadınlarımızın xüsusi yeri var. Sizin zəhmətiniz, mərhəmətiniz, vətənpərvərliyiniz və fədakarlığınız xalqımızın güc və əzmkarlıq simvoludur.
Bu gün Azərbaycan qadını xalqımızın Ümummilli Lideri Heydər Əliyevin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində daha böyük imkanlar əldə edir, elm, təhsil, iqtisadiyyat, siyasət və mədəniyyət sahələrində yüksək nailiyyətlər qazanır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ölkəmizin inkişafı, mədəniyyətimizin dünyada tanıdılması, xeyriyyəçilik missiyası və qadınların ictimai fəallığının artırılması istiqamətində gördüyü böyük işlər Azərbaycan qadınının müasir dünyada necə yüksək zirvələr fəth etdiyini sübut edir. Bu əziz gündə bir daha tariximizin ən çətin dövrlərində həmişə mərdliyi, dözümü və mərhəməti ilə seçilən Azərbaycan qadınının, unudulmaz qəhrəman şəhidlərimizi, cəsur qazilərimizi yetişdirən analarımızın qarşısında baş əyir, Vətən uğrunda canından keçən igid övladlarımıza uca Alladan rəhmət diləyirik.
Əziz analar və bacılar!
Bu gözəl bayram münasibətilə bir daha hər birinizə ən xoş arzularımızı çatdırır, Sizə sülh, əmin-amanlıq, ailə səadəti və işlərinizdə uğurlar diləyirik! Qoy həyatınızdan sevinc və xoşbəxtlik heç zaman əskik olmasın.
Bayramınız mübarək olsun!
Dərin hörmətlə,
Azərbaycan Ağsaqqallar Şurasının çoxsaylı üzvləri adından
Şuranın sədri, millət vəkili, professor Eldar QULİYEV