Azərbaycan Rеspublikasının Prеzidеnti cənab İlham Əliyev tərəfindən 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar bu istiqamətdə görülən işlərdə Azərbaycan Ağsaqqallar Şurasının üzvləri yaxından iştirak edir, eləcə Şuranın şəhər və rayon təşkilatlarının təşəbbüsü və təşkilatçılığı ilə görüşlər, dəyirmi masalar və tədbirlər keçirilir. Növbəti belə tədbir Xətai Rayon Ağsaqqallar Şurasının, həmçinin Xətai Rayon İcra Hakimiyyətinin və Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın təşkilatçılığı ilə keçirilib.
“Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən dəyirmi masada əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Sonra tədbir iştirakçılarını salamlayan Xətai Rayon Ağsaqqallar Şurasının sədri, şəhid mayor Rüfət Əsgərovun atası Mürvət Əsgərov geniş məruzə ilə çıxış edib. Vurğulayıb ki, toplantının keçirilməsində əsas məqsəd Azərbaycanın Konstitusiya quruluşunun və milli suverenliyinin möhkəmləndirilməsi ilə bağlı görülən işləri, dövlətçilik dəyərlərinin qorunması və vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi mövzularını müzakirə etmək və bu istiqamətdə fəaliyyəti daha aktiv şəkildə qurmaqdır. Natiq, həmçinin, Azərbaycanın azadlıq və müstəqillik uğrundakı mübarizə tarixindən, eləcə də Müzəffər Ali Baş Komandanımız, Azərbaycan Rеspublikasının Prеzidеnti cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən qazanılan möhtəşəm Zəfərdən və suverenliyimizin tam bərpa edilməsindən ətraflı bəhs edib. Bildirib ki, dövlət başçısının 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi təsadüfi deyil və dövlətçiliyimizin əsaslarını daha da möhkəmləndirmək, həm də vətəndaş cəmiyyətinin inkişafına töhfə vermək məqsədi daşıyır. Bu səbəbdən hər birimiz cari ildə, eləcə də növbəti illərdə cəmiyyətimizin, xüsusilə də gənclərimizin hüquqi maarifləndirilməsinə, vətəndaşlarımızın konstitusiya haqları barədə məlumatlandırılmasına və dövlət suverenliyinin qorunmasına dair təşəbbüslərə daha çox diqqət yetirməliyik. Çünki güclü hüquqi baza suverenliyimizin qorunmasında əsas amillərdən biridir.
Dəyimi masada çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının baş məsləhətçi-hüquqşünası Kamal Əliyev Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin salamlarını tədbir iştirakçılarına çatdırıb. Bu tədbirin ictimai təşəbbüslərin və dövlət-vətəndaş əməkdaşlığının inkişafı baxımından mühüm bir addım olduğunu vurğulayıb. Bildirib ki, ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edən Azərbaycan Ağsaqqallar Şurası möhtərəm Prezidentimiz cənab İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” elan etdiyi 2025-ci il üçün hazırladığı İş planında bu məsələyə xüsusi diqqət ayırıb. İş planında Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış ilk Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində şanlı Qələbəmizin 5-ci ildönümü ilə əlamətdar olan 2025-ci ildə – “Konstitusiya və Suverenlik İli”ndə Şuranın çoxsaylı üzvləri tərəfindən bu cür mühüm tarixi proseslərin təbliği, təşviqi, xüsusilə gənc nəslə çatdırılması məqsədilə tədbirlərin, görüşlərin, müxtəlif layihələrin həyata keçirilməsi nəzərdə tutulub və və hazırda bu işlər uğurla həyata keçirilir.
Tədbirdə, həmçinin, Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, Xətai Rayon Ağsaqqallar Şurasının sədr müavini, şəhid atası Meyvəddin Ramaldanov, YAP Xətai rayon təşkilatının nümayəndəsi Ənvər Bayramov, Azərbaycan Respublikası Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin sədri Müşfiq Əliyev, Xətai Rayon Ağsaqqallar Şurasının üzvləri – Tofiq Məmmədov, Cavanşir Tarverdiyev və “Əməkdar bədən tərbiyəsi və idman xadimi”, beynəlxalq dərəcəli hakim Hicran Şərifov çıxış ediblər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlardan, qanunun aliliyinin təmin olunması və milli suverenliyin qorunması istiqamətində görülən işlərdən danışıblar. Konstitusiya və dövlətçilik dəyərlərinin gənc nəslə çatdırılmasının vacibliyini qeyd edərək, bu istiqamətdə maarifləndirmə tədbirlərinin davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.
Dəyirmi masada, həmçinin, vətəndaş cəmiyyətinin inkişafında ictimai təşkilatların rolu, dövlət qurumları ilə vətəndaşlar arasında şəffaf və səmərəli kommunikasiyanın qurulması məsələləri də müzakirə olunub. Tədbir iştirakçıları ölkəmizin müstəqilliyinin və suverenliyinin daha da möhkəmləndirilməsi üçün hər kəsin üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməsinin vacibliyini bildirərək, bu cür müzakirələrin davamlı olmasının zəruriliyini qeyd ediblər.
Xətai Rayon Ağsaqqallar Şurasının təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində dəyirmi masa keçirilib
- 17-03-2025
- [15:54]
- []
17
Mar










