Xəbərlər

Mingəçevir ağsaqqalları şəhərdə keçirilən “Sağlamlığa doğru qaç!” adlı layihəni yüksək dəyərləndiriblər

Səhiyyə işçiləri və tibb tələbələrinin iştirakı ilə “Sağlamlığa doğru qaç!” adlı kütləvi qaçış yarışı Hacıqabul və Ağcabədi rayonlarından sonra 6 aprel tarixində Mingəçevir şəhərində keçirilib. 17 iyun – Tibb İşçilərinin Peşə Bayramına həsr olunmuş yarış Azərbaycan Həmkarlar İttifaqlarının üzv təşkilatı Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşəbbüsü və təşkilatçılığı, həmçinin Azərbaycan Atletika Federasiyası “Qaçış hər kəs üçün” Komitəsi və “Zəfər” Qaçış Klubunun birgə əməkdaşlığı ilə baş tutub.

Açılış tədbirində Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Elnarə Muradova, Mingəçevir Şəhər Səhiyyə İşçiləri Həmkarlar İttifaqının sədri Allahverdi Alıyev, Mingəçevir Şəhər Ağsaqqallar Şurasının sədri Mustafa Muradov, eləcə də ziyalılar, ağsaqqallar, gənclər və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, Ümummilli Liderimizin və  şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Açılışda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və layihə barədə məlumat verilib. Bildirilib ki, layihənin əsas məqsədi tibb işçilərinin, eləcə də cəmiyyətimizin bütün nümayəndələrinin fiziki sağlamlığını təşviq etmək, onların asudə vaxtını səmərəli təşkil etmək, iştirakçılara həm idmanla məşğul olmaq, həm də yeni dostluqlar qurmaq imkanı yaratmaqdır.

Yarışda Mingəçevirlə yanaşı Ağdaş, Ucar, Yevlax, Goranboy və Göyçay rayonlarından olan 100 nəfərə yaxın səhiyyə işçisi iştirak edib. Qaçışda həm qadın, həm də kişi iştirakçılar təmsil olunublar. Marafon böyük coşğu ilə keçib, tədbir iştirakçıları və şəhər sakinləri üçün əsl bayram ab-havası yaranıb. 5 km məsafəni uğurla tamamlayan yarışın qalibləri diplom və xatirə hədiyyələr ilə təltif olunublar. Layihənin bədii hissəsində Mingəçevir Tibb Kollecinin tələbələri milli rəqsləri ilə tədbirə rəng qatıblar. Sonda iştirakçılara çay süfrəsi təqdim olunub.

Mingəçevir ağsaqqalları şəhərdə keçirilən “Sağlamlığa doğru qaç!” adlı  layihəni dəstəkləyərək əhalinin sağlamlığının yaxşılaşdırılması istiqamətində həyata keçirilən bu kimi tədbirləri yüksək dəyərləndiriblər. Qeyd edək ki, layihənin təşkil olunmasında böyük əməyi olan Mingəçevir Şəhər Səhiyyə İşçiləri Həmkarlar İttifaqının sədri Allahverdi Alıyev həm də Şəhər Ağsaqqallar Şurasının fəal üzvlərindən biridir.

Onu da vurğulayaq ki, növbəti mərhələ yarışları Lənkəran, Gəncə, Qusar, Şamaxı rayonları, eləcə də Naxçıvan və Bakı şəhərlərində keçiriləcək. Bundan əlavə I, II, III yerlərin qalibləri mükafatlandırılaraq Xankəndi şəhərində keçiriləcək final yarışına qatılmaq imkanı əldə edəcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.