Xəbərlər

İmişli Rayon Ağsaqqallar Şurası Rus icmasının üzvlərinin iştirakı ilə “Pasxa” bayramı münasibətilə tədbir keçirib

Aprel ayının 17-də İmişli Rayon Ağsaqqallar Şurası xristianların “Pasxa” bayramı münasibətilə rayon mərkəzində yerləşən “Kral” sarayında tədbir keçirib.

Bayram tədbirində İmişli Rayon Ağsaqqallar Şurasının rəhbərliyi, ərazi təşkilatlarının sədrləri və İmişli rayonu Rus icmasının çoxsaylı üzvləri iştirak ediblər.

Görüşü giriş sözü ilə açan İmişli Rayon Ağsaqqallar Şurası sədrinin köməkçisi Adil Kərimov bəşəri və ənənəvi dəyərlər daşıyıcısı olan “Pasxa”nın mahiyyəti və onun müasir dövrümüz üçün tərbiyəvi əhəmiyyətindən danışıb.

Tədbirdə çıxış edən İmişli Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin və öz adından görüş iştirakçılarını salamlayaraq, onları “Pasxa” bayramı münasibətilə təbrik edib. Milli və dini münasibətlərdə tolerantlığın mühüm əhəmiyyətini önə çəkərək İmişli Rayon Ağsaqqallar Şurasının fəaliyyətində bu dəyərlərə xüsusi diqqət yetirildiyini qeyd edib. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin çoxmillətli respublikamızda “xalqlar dostluğu bütün qələbələrimizin rəhnidir” fikrini önə çəkən Saleh Səmədov çıxışını “Dəmir yumruqlu, dəmir iradəli Prezidentimizin ətrafında müsəlləh əsgər kimi birləşmək hər bir Azərbaycan vətəndaşı üçün müqəddəs vicdan borcudur” sözləri ilə yekunlaşdırıb.

Görüşdə söz alan İmişli rayonu Rus icmasının sədri xanım Lyudmila Beteva İmişli Rayon Ağsaqqallar Şurasına və təşkilatın sədri Saleh Səmədova icma üzvləri adından dərin minnətdarlığını bildirib və öz növbəsində iştirakçılara müqəddəs “Pasxa” bayramı münasibətilə təbriklərini çatdırıb.

Tədbirdə İmişli Rayon Ağsaqqallar Şurası sədrinin müavini Məmi Atakişiyev, Əliqulular kənd ərazi təşkilatının sədri, əməkdar müəllim, Prezident təqaüdçüsü Səxavət Tağlar, Qaravəlli kənd ərazi təşkilatının sədri Tahir Quliyev və rus icmasının üzvləri də çıxış ediblər.

Yüksək əhval-ruhiyyədə keçən görüşün sonunda rus icmasının üzvlərinə Rayon Ağsaqqallar Şurasının bayram sovqatları hədiyyə edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.