Xəbərlər

“Qərbi Azərbaycana qayıdış” konsepsiyasına ağsaqqalların töhfəsi

“Gənclər paytaxtı” elan olunan Sumqayıt şəhərində hazırda gənc nəslə aşılanan əsas hədəflərdən biri də onların tariximizə və taleyimizə sahib çıxması, Qərbi Azərbaycana qayıtmaq uğrunda əzmlə çalışmasıdır. Bu günlərdə Sumqayıt Şəhər Ağsaqqallar Şurasında keçirilən yığıncaq da məhz bu məqsədi daşıyırdı. Tədbiri giriş sözü ilə açan Şəhər Ağsaqqallar Şurasının sədri, Prezidentin fərdi təqaüdçüsü, “Tərəqqi” medallı Təbrik Quliyev çıxış edərək vurğulayıb ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində həyata keçirilən “Qərbi Azərbaycana qayıdış” konsepsiyasına töhfə vermək üçün Sumqayıtda davamlı tədbirlər keçirilir. Ölkəmizin ictimai-siyasi həyatında hər zaman fəal iştirak edən biz ağsaqqalların da borcudur ki, bundan sonra da  gənclərimizin  vətənpərvər ruhda formalaşmasında, eləcə də Qərbi Azərbaycanla bağlı tarixi həqiqətlərin cəmiyyətimizdə təbliğ edilməsində, xüsusilə də gənc nəslə çatdırılmasında mühüm rol oynayaq, onların Vətənimizi qorumaq üçün güclü və bilikli olmalarında yaxından iştirak edək.  Min illər boyu Qərbi Azərbaycan torpaqlarının, abidələrinin, toponimlərinin xalqımıza məxsus olması barədə, həmçinin burada yaşamış insanlarımızın tarixi, həyatı, mənşəyi, məişəti, taleyi haqqında ətraflı məlumatları gənclərimizə çatdırmağı qarşımıza əsas məqsəd olaraq qoymalıyıq.

Sonra mövzu ilə bağlı fikirlərini bölüşən Sumqayıt Şəhər Ağsaqqallar Şurasının sədr müavini, “Tərəqqi” medallı Faiq İsmayılov, təşkilatın Təftiş komissiyasının sədri Qalib Əliyev, “Sumqayıt” qəzetinin baş redaktoru Sübhan Quliyev və başqaları tədbirin əhəmiyyəti haqqında danışıblar, nikbin əhval-ruhiyyə ilə bildiriblər ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasət sayəsində yaxın zamanlarda biz doğma Qərbi Azərbaycan torpaqlarımıza da qayıdacağıq. Bu yolda məhz gənclərimiz fəal rol oynamalıdırlar. Ona görə də biz ağsaqqallar onlara dəstək olmalı, mütəmadi olaraq təbliğat və təşviqat işləri  aparmalıyıq.

Yığıncaqda cari məsələlər də müzakirə edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.