Azərbaycanda tarix boyu xalqımızın yaddaşında dərin iz qoyan, bizi bir arada saxlayan əsas sütunlar ağsaqqal və ziyalı institutları olmuşdur. Bu dəyərli şəxsiyyətlər təkcə yaşları və təcrübələri ilə deyil, həm də zəngin mənəviyyatları, yüksək intellektləri və sarsılmaz ədalət prinsipləri ilə seçilən insanlardır. Xalqımızın yaddaşı, tariximizin canlı daşıyıcıları, milli kimliyimizin qoruyucuları olan ağsaqqallar və ziyalılar cəmiyyətimizə mənəvi sabitlik gətirən dəyərlərimizi yaşadırlar. Bu gün dünyada mənəvi deqradasiya, ailə dəyərlərinin zəifləməsi kimi çağırışlar fonunda bizim üçün ağsaqqal və ziyalı sözünün çəkisi daha da artır. Cəmiyyətimizin sabitliyi, gənclərin düzgün tərbiyəsi, milli mənsubiyyətin qorunması məhz bu şəxslərin mənəvi dayağı sayəsində mümkündür. Gənc nəsil daim onlara ehtiram göstərməli, nəsihət və təcrübələrindən faydalanmalıdır. Belə dəyərli ziyalılarımızdan biri də alicənab insan, görkəmli ədəbiyyatşünas alim, professor Bədirxan Əhmədlidir.
Bu fikirləri Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri, professor Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” (3 cilddə), “Zamanın yaddaşı ədəbi diskurslar” (Seçilmiş məqalələr), “Bir ömrün missiyası” və “Rabindranat Taqor: Nobelə gedən yol” (ingilis dilində) kitablarının təqdimatı və 70 illik yubileyi münasibətilə keçirilən tədbirdə səsləndirib.
Sonra Ramin Həsənli professor Bədirxan Əhmədlinin elmi fəaliyyəti ilə yanaşı, onun Azərbaycan Respublikası Veteranlar Təşkilatının Rəyasət Heyətinin üzvü kimi Azərbaycan Ağsaqqallar Şurası ilə yaxın əməkdaşlığından, ictimai fəaliyyətindən, gənc nəslin inkişafında, vətənpərvəlik ruhunda formalaşmasında xidmətlərindən də söz açıb. Azərbaycanda elmin inkişafına verdiyi töhfələrə, yüksəkixtisaslı elmi kadrların hazırlanmasında, gənc alimlərin yetişdirilməsində, onlara milli-mənəvi dəyərlərin aşılanmasında göstərdiyi xidmətlərə görə və 70 illik yubileyi münasibətilə Şura tərəfindən professor Bədirxan Əhmədlinin Fəxri Fərmanla təltif edildiyini vurğulayaraq onu yubilyara təqdim edib. Görkəmli alimə yubileyi münasibətilə Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin və İdarə Heyətinin üzvlərinin təbriklərini çatdırıb.
AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, akademik İsa Həbibbəyli və professor Bədirxan Əhmədli göstərilən diqqətə görə Şuranın rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.
Tədbirdə, həmçinin, akademik İsa Həbibbəyli, akademik Nizami Cəfərov, millət vəkili, filologiya elmləri doktoru Elnarə Akimova, tanınmış ictimai-siyasi xadim Həsən Həsənov, filologiya elmləri doktorları, professorlar Qəzənfər Paşayev, Hamlet İsaxanlı, Məmməd Əliyev, Məhərrəm Qasımlı, Nizami Məmmədov və filologiya elmləri doktoru Bəsirə Əzizəli çıxış edərək Bədirxan Əhmədlinin yaradıcılığının müxtəlif məqamlarına diqqət çəkərək onun nəcib insani keyfiyyətlərə malik ziyalı olduğunu bildirib, alimlə bağlı xoş xatirələrini bölüşüblər.
Daha sonra Özbəkistanın Fərqanə Dövlət Universitetinin alimi Əkbər Sadinov, Qars Qafqaz Universitetinin nümayəndəsi Könül Qulusoy, eləcə də Daşkənd Uluqbəy adına Milli Universitetin əməkdaşları ədəbiyyatşünas alimi 70 illik yubileyi münasibətilə təbrik edib, təmsil etdikləri müəssisələrin Fəxri fərmanlarını, “Xalq qəzeti”nin baş redaktoru, Mətbuat Şurası İdarə heyətinin üzvü Əflatun Amaşov isə Şuranın diplomunu professor Bədirxan Əhmədliyə təqdim edib.
Tədbirdə Pakistan Ədəbiyyat Akademiyasının prezidenti, professor Nəcibə Arif, Pakistan İslam Respublikasının Müslim İnstitutunun direktoru, doktor Sahibzadə Sultan və Qırğızıstan-Türkiyə Manas Universitetinin alimi videoçarx vasitəsilə professor Bədirxan Əhmədliyə təbriklərini ünvanlayıblar












