Xəbərlər

Azərbaycan və Almaniya arasında qarşılıqlı hörmətə əsaslanan əlaqələr mövcuddur

Avropada Azərbaycanın yaxın siyasi-iqtisadi tərəfdaşlarından biri olan Almaniya ilə əlaqələrin tarixi kökləri vardır. XIX əsrdə bir qrup alman ailənin Azərbaycan ərazisinə köçərək burada üzümçülük və şərabçılıqla məşğul olması, Gəncə və Şəmkirə yaxın ərazilərdə alman koloniyalarının yaradılması və sonradan almanların həmin bölgələrdə artaraq məskunlaşması, eləcə də Azərbaycan Xalq Cümhuriyyətinin parlamentində milli azlıq fraksiyasının 4 üzvündən birinin ölkəmizdəki alman icmasını təmsil edən alman əsilli Lorentz Kuntz olması və bir sıra digər faktlar onu göstərir ki, dövlətimiz və xalqımız ölkəmizdə almanlara, onların tarixi və mədəni irsinə hər zaman böyük hörmətlə yanaşmışdır. 1992-ci il 12 yanvar tarixində Azərbaycanın müstəqilliyini tanıyan Almaniya ilə ölkəmiz arasında elə həmin ildən başlayaraq diplomatik münasibətlər yaranmağa başlamışdır. Azərbaycanın Almaniyada, Almaniyanın isə Azərbaycanda səfirliyi açılmış və iki ölkə arasında əlaqələr mütəmadi olaraq inkişaf etdirilmişdir.
Ümummilli Lider Heydər Əliyevin 1996-cı ildə o zamankı Almaniya Prezidenti Roman Hersoqun dəvəti ilə Avropanın bu ikişaf etmiş ölkəsində rəsmi səfərdə olması və orada prezident, kansler, vitse-kansler və digər hakimiyyət nümayəndələri ilə səmərəli görüşlər keçirməsi, eləcə də qarşı tərəfin ölkəmizə səfərləri çərçivəsində siyasi, iqtisadi, elmi-texniki əməkdaşlıq və digər sahələrdə müqavilələr imzalanmış, uğurlu əlaqələr qurulmuşdur. Əminliklə demək olar ki, Azərbaycan və Almaniya arasında siyasi, iqtisadi, mədəni və digər əlaqələr bu gün də yüksək səviyyədədir. Azərbaycan Respublikasının Prezidenti cənab ilham Əliyevin Almaniyaya, eləcə də Almaniyanın sabiq Kansleri Angela Merkelin və digər ali dövlət nümayəndələrinin respublikamıza rəsmi və işgüzar səfərləri iki ölkə arasında münasibətlərin daha da gücləndirilməsi və əməkdaşlığın genişləndirilməsi baxımından hər zaman mühüm əhəmiyyət kəsb etmişdir. Aprel ayının 2-də Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin Bakıya tarixi səfərini də bu qəbildən hesab etmək olar. ​ Almaniya Prezidentinin Azərbaycana rəsmi səfəri ölkələrimiz arasında diplomatik münasibətlərin inkişafı və ikitərəfli əlaqələrin genişləndirilməsi baxımından mühüm mərhələdir. Səfər çərçivəsində Prezident Ştaynmayerin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşündə siyasi, iqtisadi, mədəni, təhsil və elm sahəsində əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub, həmçinin, regional və beynəlxalq məsələlər ətrafında səmərəli fikir mübadiləsi aparılıb.​
Azərbaycan və Almaniya prezidentlərinin mətbuata bəyanatlarla çıxışları və  jurnalistlərin suallarını cavablandırmaları, eləcə də Heydər Əliyev Mərkəzində məşhur Azərbaycan və alman bəstəkarlarının əsərlərindən ibarət konsert proqramında iştirak etmələri, Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın Almaniya Federativ Respublikasının birinci xanımı Elke Büdenbender ilə səmimi şəraitdə keçən görüşü, Almaniyanın dövlət başçısının xanımı ilə birgə Şəhidlər xiyabanını ziyarət etməsi, İçərişəhərdə və “Bakı Ağ Şəhər”də olması iki ölkə arasında etibarlı tərəfdaşlığın yüksələn xətlə inkişafının əyani sübutu olmaqla yanaşı, həm də xalqımıza və dövlətimizə olan etimadın və hörmətin göstəricisidir.
Ümumiyyətlə, son illər ərzində Azərbaycan və Almaniya arasında müştərək maraqlar və qarşılıqlı faydalı əməkdaşlıq sahələri sürətlə genişlənir, eləcə də iqtisadi əlaqələr hər keçən gün daha da dərinləşir. Almaniya Azərbaycan üçün önəmli ticarət tərəfdaşı olmaqla yanaşı, həm də ölkəmizin enerji sahəsində ən böyük investorlardan biridir. Azərbaycanın enerji ehtiyatları və Almaniyanın qabaqcıl texnologiyaları birləşərək hər iki ölkə üçün iqtisadi inkişafın əsas istiqamətlərindən birini təşkil edir. Bu əməkdaşlıq yalnız neft və qaz sahəsi ilə məhdudlaşmır, həm də təbii resursların səmərəli idarə olunması və alternativ enerji sahələrində də genişlənməkdədir.
Almaniya tərəfi ilə həmçinin mədəniyyət və təhsil sahəsində də geniş əməkdaşlıq mövcuddur. Azərbaycan gənclərinin Almaniyada təhsil alması və iki ölkə arasında elmi-tədqiqat sahəsində iş birliyinin genişlənməsi, tərəflər arasında mədəniyyətlərarası dialoqun daha da inkişaf etməsinə xidmət edir. Bu əməkdaşlıq yalnız hər iki ölkə arasında yaxın münasibətlərin möhkəmlənməsinə deyil, həm də beynəlxalq aləmdə müsbət təsir yaratmağa yönəlmişdir.
Siyasi sahədə isə Azərbaycan və Almaniya arasında dostluq və qarşılıqlı hörmətə əsaslanan əlaqələr mövcuddur. Almaniyanın Avropa İttifaqı çərçivəsində Azərbaycanın xarici siyasətinin dəstəklənməsi, eləcə də iki ölkənin beynəlxalq məsələlərdə birgə fəaliyyət göstərməsi regional və qlobal sülhün təşviqi baxımından böyük əhəmiyyət kəsb edir. Həmçinin, Almaniyanın Azərbaycanın müstəqilliyinə və ərazi bütövlüyünə daim verdiyi dəstək və bu istiqamətdə həyata keçirilən konstruktiv dialoq, iki ölkə arasında qarşılıqlı güvəni daha da artırır. Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatla çıxışı zamanı ifadə etdiyi fikirləri ilə bunu bir daha sübut etmişdir: “…biz sülh müqaviləsinin hazırlanmasını çox alqışlayırıq və Qarabağ regionunun Azərbaycan ərazisi olduğunu bilirik, tanıyırıq. Bu, bizim mövqeyimizdir…”
Sonda bir daha onu qeyd edək ki, Prezident Frank-Valter Ştaynmayerin 2 aprel 2024-cü il tarixində Bakıya səfəri Azərbaycan-Almaniya əlaqələrində yeni mərhələnin başlanğıcı ola bilər. Bu səfərdən sonra enerji, nəqliyyat, texnologiya, təhsil və digər sahələrdə yeni əməkdaşlıq formatlarının qurulması gözlənilir. İki ölkə arasındakı strateji tərəfdaşlıq regional və qlobal səviyyədə də əhəmiyyətli təsirə malik olacaqdır. Azərbaycanın Almaniya ilə iqtisadi və diplomatik münasibətlərinin daha da möhkəmlənməsi hər iki tərəf üçün qarşılıqlı fayda və yeni imkanlar yaradacaqdır.

Eldar Quliyev
Azərbaycan Ağsaqqallar Şurasının sədri,
millət vəkili, professor

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.