Azərbaycan Ağsaqqallar Şurasının şəhər və rayon təşkilatlarının üzvləri ənənəvi olaraq xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar ölkəmizin bütün bölgələrində keçirilmiş silsilə tədbirlərdə yaxından iştirak ediblər.
Bu tədbirlərdə Ulu Öndər Heydər Əliyevin şəhər və rayonların mərkəzlərində ucaldılmış abidələri ziyarət edilərək önünə gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla yad olunub. Eyni zamanda ağsaqqallar Heydər Əliyev mərkəzlərində olublar, Ümummilli Liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərinin əks olunduğu fotostendlərə baxış keçiriblər. Şəhər və rayon Ağsaqqallar Şuraları digər təşkilatlarla birgə gənclər üçün Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş idman yarışları təşkil ediblər, şəhid ailələri və qazilərlə görüşlər keçiriblər, nüfuzlu ağsaqqal və ziyalılar kütləvi informasiya vasitələrinə Ümummilli Liderin mənalı həyat yolundan, zəngin fəaliyyətindən, müstəsna xidmətlərindən və yüksək insani-əxlaqi keyfiyyətlərindən bəhs edən müsahibələr veribər. Bir çox şəhər və rayonlarda tədbirlər Şuranın yerli təşkilatlarında, həmçinin icra hakimiyyətlərində, idarə və təhsil müəssisələrində keçirilən konfrans və iclaslarla davam edib. Bu tədbirlərdə çıxış edən natiqlər, o cümlədən Azərbaycan Ağsaqqallar Şurasının şəhər və rayon təşkilatlarının üzvləri Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqının milli müqəddəratının həlli istiqamətindəki misilsiz xidmətlərindən danışıblar. Bildiriblər ki, Azərbaycan dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilib. Vurğulanıb ki, davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin ideyalarının təntənəsidir və bu gün bu yüksək ideyalar Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən davamlı olaraq uğurla həyata keçirilir.
Həmçinin tədbirlərdə Ümummilli Lider Heydər Əliyevə həsr edilmiş videoçarxlar, kompozisiyalar, sərgilənən rəsm əsərləri tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar keçirilən bu tədbirlər gün ərzində bədii hissə – konsert və rəqs proqramları, Ulu Öndərə həsr olunmuş şeirlərin səsləndirilməsi ilə davam edib.
Azərbaycan Ağsaqqallar Şurasının şəhər və rayon təşkilatlarının üzvləri Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar keçirilən tədbirlərdə iştirak ediblər
- 12-05-2025
- [17:16]
- []
12
May

























