Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin tapşırığı ilə Şuranın Aparat rəhbəri Ramin Həsənlinin başçılığı altında İmişli Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin iclası keçirilib.
İclasda çıxış edən Ramin Həsənli Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin qərarını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Qərarda bildirilir ki, Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyəti təşkilatın adına ləkə gətirən hərəkətlərə yol verdiyinə, Azərbaycan Ağsaqqallar Şurasının Nizamnamə tələblərini kobud şəkildə pozduğuna görə Saleh Səmədov İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilir və Azərbaycan Ağsaqqallar Şurasının üzvlüyündən çıxarılır.
Qeyd edək ki, İmişlinin Sarıxanlı kəndində faşizm üzərində Qələbə günü münasibətilə keçirilən tədbirdə Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədovun SSRİ bayrağı altında və sinəsində “Georgi lenti” ilə çıxış etməsi ictimaiyyət, eləcə də Azərbaycan Ağsaqqallar Şurası tərəfindən ağsaqqala yaraşmayan bir hərəkət kimi ciddi şəkildə qınanılıb. Saleh Səmədovun bu hərəkətini qəbuledilməz hesab edən Şuranın İdarə Heyəti bu cür atributlardan istifadənin təşkilatın Nizamnaməsinə, mövqeyinə, fəaliyyətinə, eləcə də milli-mənəvi dəyərlərimizə zidd olduğunu bildirərək onu sədr vəzifəsindən azad edib və Azərbaycan Ağsaqqallar Şurasının üzvlüyündən kənarlaşdırıb.
İclasda, həmçinin, səsvermə yolu ilə İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsi seçki konfransı keçirilənə qədər müvəqqəti olaraq təşkilatın İdarə Heyətinin üzvü Vahid Tağıyevə həvalə olunub. Tədbirin sonunda Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli vurğulayıb ki, bu qərar digər yerli təşkilatlar üçün də nümunəvi intizam tədbiri kimi qiymətləndirilməli və gələcəkdə bu cür halların baş verməməsi üçün daha məsuliyyətli olmaq lazımdır.







